Alim Qasımovun ifasının yer aldığı GTA VI rekorda imza atdı

"Grand Theft Auto VI"(GTA VI) oyunu satışa çıxdığı ilk gün 3,79 milyard dollar gəlir gətirib.

Bu barədə oyunun istehsalçısı olan "Take-Two Interactive" şirkəti (Rockstar Games-in ana şirkəti) məlumat yayıb.

“Grand Theft Auto VI oyununun ilk gündə pərakəndə satışlarından əldə olunan gəlir 3,79 milyard dollara çatıb. Bu göstərici istənilən formatda əyləncə sahəsində yeni rekord müəyyənləşdirərək tarixdə ən böyük əyləncə məhsulu təqdimatına çevrilib”, – deyə şirkətin press-relizində bildirilir.

"Take-Two Interactive" şirkətinin açıqladığı rəqəmlər ekspertlərin gözləntilərini əhəmiyyətli dərəcədə üstələyib. Belə ki, daha əvvəl "SensorTwo" analitik şirkəti GTA VI oyununun satışa çıxdığı ilk gün təxminən 2,3 milyard dollar gəlir əldə edəcəyini proqnozlaşdırmışdı. Bundan əvvəl əyləncə sənayesində ən çox gəlir gətirən məhsul bir neçə həftəlik kinoteatr nümayişi ərzində təxminən 2,5 milyard dollar gəlir əldə etmiş “Hörümçək-adam: Yeni gün” (Spider-Man: Brand New Day) filmi hesab olunurdu.

"Grand Theft Auto VI "oyununun təqdimatı 19 noyabr 2026-cı ildə baş tutub. Oyun, həmçinin resenziyaların toplandığı Metacritic saytında ilk tənqidçi rəylərini alıb və 100 mümkün baldan 99-nu toplayıb.

Qeyd edək ki, xalq artistləri Alim Qasımov və Fərqanə Qasımovanın illər əvvəl “Bizimkilər” layihəsi çərçivəsində ifa etdikləri Nelli Furtadonun “Say It Right” mahnısının muğam versiyası “Grand Theft Auto VI” (GTA 6) videooyununun “Kaleidoscope FM” radiostansiyasının pleylistinə daxil edilib.