SEPAH növbəti “MQ-9” PUA-sını vurduğunu açıqlayıb

Hörmüz boğazının səmasında ABŞ ordusuna məxsus “MQ-9” Pilotsuz Uçuş Aparatı vurularaq məhv edilib.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

“ABŞ ordusuna məxsus 58-ci “MQ-9” PUA-sı SEPAH-ın Hərbi Hava Qüvvələrinə məxsus Hava Hücumundan Müdafiə Sistemi vasitəsilə vurularaq məhv edilib”, - deyə məlumatda qeyd olunub.

SEPAH bildirib ki, dünyanın ən önəmli strateji keçidlərindən biri olan Hörmüz boğazı regionun hərbi və təhlükəsizlik məsələlərində xüsusi əhəmiyyətə sahibdir. Bu boğazın hava zonasında hərəkətləri izləmək İranın təhlükəsizliyi və hakimiyyətinin qorunması üçün ölkənin silahlı qüvvələrinin müdafiə tapşırığının bir hissəsidir.

ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.