“Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ölkəmizdə dövlətçilik maraqlarının qorunmasını, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsini və sağlam siyasi münasibətlərin formalaşdırılmasını fəaliyyətinin əsas istiqamətləri kimi müəyyənləşdirib.”
Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.
O, qeyd edib ki, bu gün Azərbaycanda siyasi dialoqun inkişafı, müxtəlif siyasi qüvvələr arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və qarşılıqlı etimad mühitinin yaradılması dövlət siyasətinin mühüm tərkib hissəsidir. “YAP bu prosesdə fəal iştirak etməklə siyasi sistemin təkmilləşməsinə və cəmiyyətin ümumi maraqlar ətrafında birləşməsinə töhfə verir. Partiyanın belə bir mövqeyə malik olması onun yaranma tarixi və üzərinə götürdüyü missiya ilə birbaşa bağlıdır. 1990-cı illərin əvvəllərində, mürəkkəb bir şəraitdə xalqın iradəsini ifadə edən yeni siyasi qüvvənin formalaşdırılması zərurəti meydana çıxmışdı. Azərbaycanın tanınmış ziyalılarının Ulu Öndər Heydər Əliyevə müraciəti də bu ehtiyacın nəticəsi idi. Məhz Ümummilli Liderin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin siyasi həyatında yeni səhifə açdı”.
Millət vəkili YAP-ın təsis konfransının keçirilməsinin tarixi əhəmiyyətindən danışaraq vurğulayıb ki, 21 noyabr 1992-ci il Azərbaycan dövlətçiliyinin inkişafında mühüm dönüş nöqtələrindən biri kimi yadda qalıb: “Naxçıvanda keçirilən təsis konfransında ölkənin müxtəlif bölgələrini təmsil edən 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı yeni siyasi təşkilatın geniş ictimai dayaqlara malik olduğunu nümayiş etdirirdi. 91 nəfər tanınmış ziyalının Heydər Əliyevə ünvanladığı müraciət isə, əslində, xalqın siyasi iradəsinin və dəyişiklik istəyinin ifadəsi idi. O zaman Bakıda mövcud olan siyasi maneələr, senzura və hakimiyyətin Ulu Öndərin siyasi proseslərə qayıdışına qarşı mövqeyi təsis konfransının Naxçıvanda keçirilməsini şərtləndirmişdi. Konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi, Heydər Əliyev yekdilliklə sədr seçildi. Beləliklə, ölkənin taleyində məsuliyyət daşıyan, milli maraqları və dövlət müstəqilliyini əsas fəaliyyət prinsipi kimi qəbul edən siyasi təşkilat meydana gəldi. Ulu Öndərin siyasi nüfuzu və təşkilatçılıq qabiliyyəti sayəsində YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi.
2005-ci il martın 26-da keçirilmiş III qurultayda İlham Əliyevin YAP-ın sədri seçilməsi partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun müasir dövrün tələblərinə uyğun davam etdirilməsi Azərbaycanın bütün sahələrdə inkişafına, beynəlxalq nüfuzunun yüksəlməsinə və dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə şərait yaratdı. Xüsusilə qeyd olunmalıdır ki, 2026-cı il oktyabrın 2-də keçirilmiş VIII Qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni tarixi şəraitdə partiyanın qarşısında dayanan vəzifələri müəyyənləşdirdi. Prezident İlham Əliyev çıxışında müasir informasiya mühitində meydana çıxan çağırışlara toxunaraq təhsil və vətənpərvərliyin cəmiyyətin ideoloji təsirlərdən qorunmasında əhəmiyyətini vurğuladı. Dövlət başçısı xüsusilə qeyd etdi ki, partiyanın ideoloji fəaliyyəti formal tədbirlərlə məhdudlaşmamalı, müasir informasiya vasitələrinin imkanlarından istifadə edilməklə həqiqətlər hər bir vətəndaşa çatdırılmalıdır. Bu baxımdan gənclərlə işin gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan həqiqətlərinin dolğun şəkildə təbliği YAP üzvlərinin qarşısında duran mühüm vəzifələrdəndir. Qurultayda, həmçinin ölkənin müdafiə qabiliyyətinin artırılması, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın sürətləndirilməsi və iqtisadi inkişafın davam etdirilməsi kimi strateji istiqamətlər müəyyənləşdirildi. Bu məsələlər partiyanın qarşıdakı dövrdə fəaliyyətinin məzmununu və prioritetlərini müəyyən edən əsas istiqamətlərdir” .