Bu gün Azərbaycan neft sənayesi tarixinin ən faciəli hadisələrindən birinin baş verməsindən 69 il ötür.
1957-ci il noyabrın 20-dən 21-nə keçən gecə Xəzər dənizində yerləşən Neft Daşlarında güclü qasırğa nəticəsində 21 neftçi həyatını itirib.
Həmin gecə küləyin sürəti saniyədə 44 metrə, dalğaların hündürlüyü isə 13 metrə çatıb. Güclü qasırğa nəticəsində dəniz özülləri, estakadalar və digər istehsalat qurğuları ciddi zərər görüb.
Təbii fəlakət zamanı Neft Daşlarının əsasını qoyanlardan olan Mixail Kaveroçkin və Süleyman Bağırovun rəhbərlik etdikləri iki qazma briqadasının ümumilikdə 21 üzvü həlak olub.
Faciə Neft Daşlarının tarixində ən ağır hadisələrdən biri kimi yadda qalıb.
Həlak olan neftçilərin xatirəsini əbədiləşdirmək məqsədilə 1999-cu ildə, Neft Daşlarının 50 illik yubileyi münasibətilə abidə ucaldılıb. 2009-cu ildə isə ərazidə yeni memorial kompleks yaradılıb.
Qeyd edək ki, Neft Daşları dünyada açıq dənizdə neft hasilatının inkişafında mühüm yer tutur. Burada ilk neft quyusu 1949-cu il noyabrın 7-də istismara verilib.
1957-ci il faciəsində həyatını itirən 21 neftçinin xatirəsi bu gün də ehtiramla yad olunur.