20 Noyabr – Ağdam şəhəri günü Azərbaycanın ərazi bütövlüyünün bərpası, tarixi Zəfərin və işğaldan azad edilmiş torpaqlarda həyatın yenidən qurulmasının rəmzlərindən biridir. 2020-ci il noyabrın 20-də Ağdamın işğaldan azad edilməsi ilə şəhərin tarixində yeni mərhələnin əsası qoyuldu. Uzun illər düşmən işğalı altında dağıdılan, talan edilən və “Qafqazın Xirosiması” adlandırılan Ağdam bu gün iqtisadi potensialının bərpası, sənaye müəssisələrinin yaradılması, infrastruktur layihələrinin reallaşdırılması və əhalinin doğma yurda qayıdışı ilə yenidən inkişaf yoluna qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr Ağdam şəhəri günü kimi təsis edilib. Bu əlamətdar tarix Ağdamın azadlığı uğrunda aparılan mübarizənin, xalqımızın iradəsinin və dövlətimizin işğaldan azad edilmiş ərazilərin bərpasına yönəlmiş siyasətinin təcəssümüdür.
Ağdam Qarabağın mühüm yaşayış, iqtisadi və mədəni mərkəzlərindən biri kimi tarixən özünəməxsus mövqeyə malik olub. Kənd təsərrüfatı, sənətkarlıq, ticarət və zəngin mədəni həyatı ilə seçilən rayon uzun illər bölgənin inkişafında mühüm rol oynayıb. Lakin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Ağdam işğala məruz qalaraq ağır dağıntılarla üzləşib. Şəhər və kəndlər talan edilib, yaşayış məntəqələri, iqtisadi obyektlər, təhsil və mədəniyyət müəssisələri, tarixi abidələr dağıdılıb, sakinlər doğma yurdlarından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur olublar. Ağdamın işğalı bölgənin sosial-iqtisadi həyatına ciddi zərbə vurmaqla yanaşı, xalqımızın tarixi-mədəni irsinə qarşı törədilmiş vandalizmin də bariz nümunəsinə çevrilib. Ağdamın azad olunması Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin mühüm nəticələrindən oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 20-də rayonun işğal altında olan əraziləri Azərbaycana təhvil verildi. Bununla Ağdamda bərpa, yenidənqurma və iqtisadi dirçəliş prosesinə başlanıldı. Şəhərin azadlığı uğrunda mübarizədə iştirak edən hərbi qulluqçuların xidmətləri də yüksək qiymətləndirildi. Prezident İlham Əliyevin sərəncamları ilə 5790 hərbi qulluqçu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olundu.
İşğaldan sonra Ağdamın iqtisadi potensialının bərpası və yeni istehsal imkanlarının yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu məqsədlə Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə Ağdam Sənaye Parkı yaradılıb. 190 hektar ərazini əhatə edən sənaye parkı Qarabağda sənayenin inkişafı, yerli istehsalın genişləndirilməsi, sahibkarlığın təşviqi və yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Ağdam Sənaye Parkında ümumi investisiya həcmi 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Hazırda parkda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi davam etdirilir. Sahibkarlar tərəfindən 115 milyon manatdan çox investisiya yatırılıb və 964 nəfər daimi işlə təmin olunub. Bu göstəricilər sənaye parkının yalnız istehsal məkanı deyil, həm də Ağdamda iqtisadi fəallığın, məşğulluğun və sahibkarlıq mühitinin formalaşmasına xidmət edən mühüm platforma olduğunu göstərir.
Ağdamın iqtisadi inkişafı yalnız sənaye ilə məhdudlaşmır. Şəhər və kəndlərdə yaşayış məntəqələrinin yenidən qurulması, yolların və mühəndis-kommunikasiya sistemlərinin yaradılması, sosial obyektlərin inşası, turizm imkanlarının inkişaf etdirilməsi də bölgənin gələcək iqtisadi həyatına mühüm təsir göstərir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin istifadəyə verilməsi, hotel layihələrinin həyata keçirilməsi, tarixi-mədəni məkanların bərpası şəhərin regional əlaqələrinin və xidmət sektorunun inkişafı üçün yeni imkanlar açır. Böyük Qayıdış proqramı çərçivəsində Ağdamda məskunlaşmanın davam etməsi də iqtisadi dirçəlişin mühüm amilidir. 2026-cı ilin noyabr ayına olan məlumata görə, Ağdam şəhəri və Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərində ümumilikdə 2146 ailə, 8300 nəfər məskunlaşıb. Doğma yurda qayıdan sakinlərin yaşayışının təmin olunması, onların məşğulluq imkanlarının genişləndirilməsi, yeni xidmət və istehsal sahələrinin yaradılması Ağdamın dayanıqlı inkişafının əsas şərtlərindəndir.
20 Noyabr – Ağdam şəhəri günü bu baxımdan yalnız tarixi bir hadisənin anılması deyil, həm də şəhərin gələcək inkişafına nəzər salmaq üçün əlamətdar gündür. Ağdamın işğaldan azad olunması ilə başlanan yeni mərhələdə həyata keçirilən sənaye, infrastruktur, məskunlaşma və iqtisadi layihələr şəhərin əvvəlki şöhrətinin bərpasına, Qarabağın mühüm inkişaf mərkəzlərindən birinə çevrilməsinə xidmət edir. Xarabalıqlar üzərində yüksələn yeni Ağdam Azərbaycanın Zəfər iradəsinin, quruculuq əzminin və gələcəyə inamının təcəssümüdür.