“Qlobal güc balansının dəyişdiyi, beynəlxalq münasibətlər sistemində yeni siyasi və iqtisadi mərkəzlərin formalaşdığı, geosiyasi rəqabətin getdikcə daha çox geoiqtisadi müstəviyə keçdiyi bir dövrdə Prezident İlham Əliyevin Vyetnama səfəri Azərbaycanın xarici siyasət strategiyası baxımından xüsusi əhəmiyyət daşıyır”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, bu səfəri yalnız Bakı ilə Hanoy arasında ikitərəfli münasibətlərin inkişafı kontekstində qiymətləndirmək doğru olmazdı.
“Burada daha geniş strateji yanaşmanı- Azərbaycanın Asiya-Sakit okean regionuna açılması, yeni iqtisadi tərəfdaşlıqlar qurması, beynəlxalq nəqliyyat-kommunikasiya marşrutlarında mövqelərini gücləndirməsi və dəyişən dünya nizamında öz geosiyasi çəkisini artırması məsələləri ön plana çıxır”, - Milli Məclis üzvü vurğulayıb.
Deputat əlavə edib ki, Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri məhz çoxvektorlu və balanslaşdırılmış yanaşmadır: “Bakı bir tərəfdən Avropa ilə enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirir, digər tərəfdən Türkiyə və Mərkəzi Asiya dövlətləri ilə strateji inteqrasiyanı dərinləşdirir, eyni zamanda Çin, Cənub-Şərqi Asiya və digər inkişaf edən iqtisadi mərkəzlərlə əlaqələrini gücləndirir.
Bu mənada Vyetnam istiqaməti Azərbaycanın diplomatik və iqtisadi coğrafiyasının genişlənməsinin növbəti mərhələsi kimi diqqət çəkir”.
Tahir Mikişili hesab edir ki, Prezident İlham Əliyevin Vyetnama səfərinin əhəmiyyətini şərtləndirən əsas məqamlardan biri iki ölkə arasında münasibətlərin artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir:
“Xüsusilə 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və həmin səfər zamanı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsi münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyub. İndiki səfər isə həmin siyasi razılaşmaların real iqtisadi, investisiya və nəqliyyat layihələrinə çevrilməsi baxımından əhəmiyyətlidir.
Burada diqqət çəkən məqamlardan biri Azərbaycanın Cənub-Şərqi Asiya istiqamətində diplomatik və iqtisadi fəallığını artırmasıdır. Vyetnam bu gün regionun sürətlə inkişaf edən iqtisadiyyatlarından biridir. Sənaye istehsalı, texnologiya, elektronika, kənd təsərrüfatı və beynəlxalq ticarət sahələrində artan potensialı ilə Asiya-Sakit okean regionunun mühüm iqtisadi aktorlarından birinə çevrilir. Azərbaycan üçün belə bir ölkə ilə əməkdaşlığın genişləndirilməsi yeni bazarlara çıxış, investisiyaların cəlbi və iqtisadi əlaqələrin şaxələndirilməsi baxımından əlavə imkanlar yaradır.
Eyni zamanda, bu səfər Azərbaycanın xarici siyasətinin çoxvektorlu xarakterini bir daha nümayiş etdirir. Bakı öz xarici siyasətini hansısa bir güc mərkəzinin geosiyasi maraqları çərçivəsində qurmur. Azərbaycan ABŞ və Avropa ilə, Türkiyə və Mərkəzi Asiya dövlətləri ilə, Çin və digər Asiya ölkələri ilə münasibətlərini milli maraqlar, qarşılıqlı fayda və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirir”.
O əlavə edib ki, müasir beynəlxalq münasibətlər sistemində bu yanaşmanın əhəmiyyəti daha da artır:
“Çünki dünya artıq yalnız siyasi və hərbi güc mərkəzləri arasında rəqabətlə xarakterizə olunmur. Enerji resurslarına çıxış, nəqliyyat marşrutlarına nəzarət, texnoloji üstünlük, ərzaq təhlükəsizliyi, investisiya axınları və yeni bazarların əldə edilməsi qlobal rəqabətin əsas istiqamətlərinə çevrilib.
Azərbaycan isə öz coğrafi mövqeyini bu yeni reallıqlarda geoiqtisadi üstünlüyə çevirməyə çalışır. Vyetnamla münasibətlərin genişləndirilməsi də məhz bu strategiyanın tərkib hissəsidir”.
Deputatın fikrincə, səfərin ən mühüm istiqamətlərindən biri, heç şübhəsiz, nəqliyyat və logistika əməkdaşlığıdır:
“Dövlət başçısı Azərbaycanın Cənubi Qafqazda mühüm nəqliyyat, logistika və enerji mərkəzi olduğunu vurğulayaraq bildirib ki, Vyetnamla Azərbaycanın imkanlarını birləşdirməsi yeni bazarlara çıxış, birgə layihələrin həyata keçirilməsi, biznes və investisiya imkanlarının genişləndirilməsi üçün əlverişli şərait yarada bilər.
Prezidentin diqqət çəkdiyi əsas məqamlardan biri Vyetnamdan Avropaya və əks istiqamətə yüklərin Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə daşınmasıdır. Ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycanın nəqliyyat-logistika infrastrukturu bu məqsədlə səmərəli şəkildə istifadə oluna bilər.
Bu yanaşma Azərbaycanın geosiyasi rolunun dəyişən mahiyyətini də ortaya qoyur. Bakı artıq yalnız Şərqlə Qərb arasında yerləşən tranzit ölkə kimi çıxış etmir. Məqsəd müxtəlif coğrafiyaları, iqtisadiyyatları və bazarları birləşdirən, yük axınlarının istiqamətinə və regional ticarət əlaqələrinə təsir göstərən mühüm logistika mərkəzinə çevrilməkdir.
Məsələnin digər mühüm tərəfi Vyetnamın Orta Dəhliz üçün yeni yük mənbəyi və potensial iqtisadi tərəfdaş kimi çıxış etməsidir. Cənub-Şərqi Asiyanın istehsal və ixrac potensialı nəzərə alınarsa, bu ölkənin məhsullarının Azərbaycan üzərindən Avropa bazarlarına daşınması Bakı üçün əlavə tranzit gəlirləri, logistika xidmətlərinin genişlənməsi və yeni biznes imkanları deməkdir.
Rəqəmlər də bu istiqamətdə müsbət dinamikanın olduğunu göstərir. Prezidentin açıqladığı məlumata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında iki ölkə arasında tranzit yükdaşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötüb. Bu göstərici hələ böyük yük potensialının yalnız başlanğıcı kimi qiymətləndirilə bilər.
Burada strateji məsələ ondan ibarətdir ki, Orta Dəhlizin coğrafiyası yalnız Çin və Mərkəzi Asiya ilə məhdudlaşmamalıdır. Cənub-Şərqi Asiya ölkələrinin də bu marşruta inteqrasiyası onun iqtisadi çəkisini və beynəlxalq əhəmiyyətini daha da artıra bilər. Vyetnamla əməkdaşlıq məhz belə bir genişlənmə üçün perspektiv yaradır.
Səfərin digər mühüm istiqaməti enerji əməkdaşlığıdır. Azərbaycan və Vyetnam arasında bu sahədə tarixi əlaqələr mövcuddur. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, SOCAR və Vyetnamın PetroVietnam şirkəti arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər və mütəxəssislərin hazırlanması kimi istiqamətləri əhatə edir.
Bundan başqa, Vyetnamın ROX Group şirkətinin Azərbaycanda tikinti, infrastruktur, günəş və külək enerjisi layihələrinə maraq göstərməsi iqtisadi əməkdaşlığın ənənəvi neft-qaz sektorundan kənara çıxması üçün zəmin yaradır.
Baş nazir Le Min Hunqla görüşdə isə Azərbaycan neft məhsullarının Vyetnama və Vyetnam ərazisi vasitəsilə regionun digər ölkələrinə ixracı, birgə istehsal imkanları, müdafiə sənayesi, tikinti, turizm və birbaşa aviareyslərin açılması məsələləri müzakirə olunub. Prezident İlham Əliyev Orta Dəhlizin Vyetnam şirkətlərinin regional bazarlara çıxışı üçün əlverişli imkanlar yaratdığını vurğulayıb.
Bütün bunlar Azərbaycanın iqtisadi diplomatiyasının yeni mərhələyə keçdiyini göstərir. Söhbət yalnız enerji resurslarının ixracından deyil, sənaye, logistika, investisiya və texnologiya sahələrində qarşılıqlı faydalı əməkdaşlıq modelinin qurulmasından gedir”.
T.Mirkişili bildirib ki, bütün bu məqamları ümumiləşdirdikdə Prezident İlham Əliyevin Vyetnama səfərinin Azərbaycanın daha geniş geosiyasi strategiyasının tərkib hissəsi olduğu aydın görünür:
“Azərbaycan bu reallıqdan çıxış edərək özünü Avrasiyanın mühüm geoiqtisadi qovşaqlarından biri kimi mövqeləndirməyə çalışır. Vyetnamla münasibətlərin dərinləşdirilməsi də bu xəttin Asiya-Sakit okean istiqamətində genişlənməsi deməkdir. Bakı bununla öz tərəfdaşlıq coğrafiyasını artırır, yeni iqtisadi əlaqələr qurur və Orta Dəhlizin potensialını daha geniş beynəlxalq bazarlara çıxarmağa çalışır.
Əslində, Azərbaycanın qarşısında duran əsas hədəf coğrafi mövqeyini sadəcə tranzit üstünlüyü kimi deyil, siyasi nüfuz, iqtisadi gəlir və beynəlxalq təsir imkanları yaradan strateji resursa çevirməkdir. Bunun üçün isə müxtəlif regionlarla əlaqələrin qurulması, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və yeni iqtisadi tərəfdaşların cəlb edilməsi vacibdir.
Bakı artıq yalnız Avropa ilə Asiyanı birləşdirən körpü kimi deyil, bu iki qitə arasında yeni iqtisadi və siyasi əlaqələrin formalaşmasında iştirak edən müstəqil geosiyasi aktor kimi çıxış etməyə çalışır. Prezident İlham Əliyevin Vyetnama səfəri də bu strategiyanın mühüm istiqamətlərindən birini nümayiş etdirir”.