Paşinyan jurnalistə "iyrənc" dedi, ciddi tənqidlərlə üzləşdi

Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan Ermənistan Jurnalistlər İttifaqının Baş nazir Nikol Paşinyanın jurnalist Ripsime Cebecyana ünvanladığı fikirləri pisləyən bəyanatını dəstəkləyib.

Bu barədə "Armenia Today" yazır.

“Ermənistanın heç bir rəhbəri indiyədək xalq qarşısında belə kobud davranış nümayiş etdirməyə özünə rəva görməyib. Onun qurduğu real Ermənistan məhz belə görünür”, – deyə Ter-Petrosyan bildirib.

Keçmiş prezident beynəlxalq insan hüquqları təşkilatlarının Paşinyanın davranışına reaksiya verəcəklərinə ümid etdiyini bildirib.

Qeyd edək ki, Ermənistan Jurnalistlər İttifaqı daha əvvəl baş naziri media nümayəndələrini qorxutmaqda ittiham edib və hakimiyyəti düşmənçilik ritorikasına son qoymağa çağırıb. Buna səbəb noyabrın 19-da Paşinyanla jurnalist Ripsime Cebecyan arasında baş verən mübahisə olub. Belə ki, jurnalist sual ünvanladıqdan sonra Paşinyan onu dəfələrlə “iyrənc” adlandırıb.