Bakı, 20 noyabr, AZƏRTAC Azərbaycanın enerji və nəqliyyat sahəsində yaratdığı strateji imkanlar ölkəmizin beynəlxalq siyasi çəkisinin möhkəmlənməsində mühüm rol oynayır. Bu gün Azərbaycan yalnız enerji resurslarının istehsalçısı və ixracatçısı kimi deyil, həm də beynəlxalq nəqliyyat və logistika marşrutlarının inkişafında mühüm mövqeyə malik dövlət kimi çıxış edir. Bunu AZƏRTAC-a açıqlamasında türk siyasi ekspert, Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündar bildirib.Onun sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin enerji ehtiyatları və müasir nəqliyyat infrastrukturu ölkəyə beynəlxalq münasibətlər sistemində mühüm strateji üstünlüklər qazandırır. “Xüsusilə son illərdə dünyada enerji təhlükəsizliyi məsələsinin aktuallaşması Azərbaycanın beynəlxalq tərəfdaşlar üçün əhəmiyyətini daha da artırıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə ölkənin beynəlxalq əməkdaşlıqda mövqeyini gücləndirən əsas amillərdəndir. Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına çatdırılması, Cənub Qaz Dəhlizinin fəaliyyəti və enerji ixracı marşrutlarının şaxələndirilməsi Azərbaycanın etibarlı tərəfdaş kimi rolunu möhkəmləndirir. Bu əməkdaşlıq həm də Avropa ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərir. Azərbaycanın strateji əhəmiyyəti enerji sektoru ilə məhdudlaşmır. Qardaş ölkə Şərqlə Qərb arasında mühüm nəqliyyat körpüsü rolunu oynayır. Xüsusilə Orta Dəhlizin inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının genişləndirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti Azərbaycanın beynəlxalq tranzit və logistika sistemində mövqeyini gücləndirir”, - deyə Bilal Dündar diqqətə çatdırıb.O vurğulayıb ki, hazırkı geosiyasi şəraitdə beynəlxalq ticarət marşrutlarının təhlükəsizliyi və alternativ nəqliyyat istiqamətlərinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır: “Bu baxımdan Azərbaycanın yaratdığı infrastruktur imkanları Avropa və Asiya arasında yükdaşımaların daha səmərəli təşkilinə, ticarət əlaqələrinin genişlənməsinə və regional iqtisadi inteqrasiyanın dərinləşməsinə şərait yaradır. Enerji və nəqliyyat sahələri bir-birini tamamlayan strateji istiqamətlərdir. Azərbaycanın hər iki sahədə ardıcıl siyasət həyata keçirməsi ölkənin beynəlxalq tərəfdaşlarla münasibətlərində yeni imkanlar formalaşdırır. Eyni zamanda, bu istiqamətlərdə reallaşdırılan layihələr Azərbaycanın iqtisadi potensialının artırılması ilə yanaşı, regional sabitlik və əməkdaşlığa da xidmət edir”.Bilal Dündarın fikrincə, Azərbaycanın beynəlxalq siyasi çəkisinin artmasında Prezident İlham Əliyevin yürütdüyü müstəqil və çoxşaxəli xarici siyasət də mühüm rol oynayır. “Azərbaycanın müxtəlif dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq qurması, beynəlxalq təşəbbüslərdə fəal iştirakı və strateji layihələrin həyata keçirilməsi qardaş ölkənin qlobal proseslərdə mövqeyini möhkəmləndirir. Qarşıdakı dövrdə enerji, nəqliyyat və logistika sahələrində mövcud imkanların daha da genişləndirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq sistemində rolunu artıracaq”, - deyə ekspert əlavə edib.