Bakı, 20 noyabr, AZƏRTAC Müharibələrin ən ağır və uzunmüddətli nəticələrindən biri itkin düşmüş insanların taleyinin naməlum qalmasıdır. Döyüşlər başa çatsa da, dövlətlər arasında münasibətlərin normallaşması istiqamətində müəyyən irəliləyişlər əldə edilsə də, yaxınlarının harada olduğunu, hansı şəraitdə öldüyü və harada dəfn olunduğunu bilməyən minlərlə ailə üçün müharibə hələ də bitməyib. Bu baxımdan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün təkcə humanitar məsələ deyil, həm də Ermənistanın üzərinə düşən mənəvi və hüquqi məsuliyyətin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.Noyabrın 19-20-də İrəvanda “İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi də məhz bu kontekstdə diqqət çəkir. Tədbirdə Ermənistan rəhbərliyinin və rəsmilərinin çıxışlarında itkin düşmüş şəxslərin ailələrinin yaxınlarının taleyini bilmək hüququ, qarşılıqlı etimad, məlumat mübadiləsi və praktiki əməkdaşlığın vacibliyi vurğulanıb. Lakin ilk baxışda itkinlərin taleyinin müəyyənləşdirilməsinə marağını ifadə edən Ermənistan indiyədək özündəki məlumatları təqdim etməyib və Azərbaycanla əldə olunmuş razılaşmaları yerinə yetirməyib. Bu, bir daha göstərir ki, Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirməsi ilə bağlı bəyanatları ilə real fəaliyyəti arasında dərin ziddiyyətlər mövcuddur. Belə ki, 30 ildən artıq müddətdə Ermənistan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 mindən çox azərbaycanlının taleyi barədə hələ də dolğun məlumat verməyib. Bu müddətdə minlərlə ailə yaxınlarının aqibəti ilə bağlı cavab gözləyib, valideynlər övladlarının, övladlar isə valideynlərinin taleyini öyrənə bilmədən dünyasını dəyişib. İtkinlərin taleyi ilə bağlı qeyri-müəyyənliyin bu qədər uzun müddət davam etməsi problemin miqyasını daha da ağırlaşdırır. Belə bir şəraitdə humanitar dialoqdan danışarkən, ilk növbədə, mövcud məlumatların açıqlanması, ailələrin gözləntilərinə cavab verilməsi və konkret nəticələrin əldə olunması əsas götürülməlidir.Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin mühüm istiqamətlərindən biri də məhz itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsidir. Çünki sülh həm də müharibənin yaratdığı humanitar fəsadların aradan qaldırılmasını, ailələrin mənəvi əzabına son qoyulmasını və keçmişin ağrılı səhifələrinin aydınlaşdırılmasını tələb edir. Bu baxımdan itkinlərin taleyi sülh prosesindən kənarda qalan məsələ deyil, onun humanitar mahiyyətini müəyyənləşdirən əsas istiqamətlərdən biridir.Ötən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması, eləcə də sülh sazişi layihəsinin paraflanması bu istiqamətdə yeni imkanlar yaradıb. Sülh sazişi layihəsinin 9-cu maddəsində itkin düşmüş şəxslər üzrə əməkdaşlıq məsələsinin nəzərdə tutulması tərəflərin problemin həllinə dair öhdəliklərinin əhəmiyyətini bir daha göstərir. Həmin müddəa məlumat mübadiləsi, itkinlərin taleyinin müəyyənləşdirilməsi, insan qalıqlarının axtarılması və qaytarılması, habelə müvafiq araşdırmaların aparılması üçün əməkdaşlığın vacibliyini təsdiqləyir. Sənədlərdə əksini tapan müddəaların real nəticəyə çevrilməsi üçün konkret addımlar tələb olunur. Bəyanatatlar var, əməli addımlar yoxdur Əslində, Azərbaycanla Ermənistan arasında bu istiqamətdə birbaşa əməkdaşlıq üçün ilkin mexanizmlər artıq formalaşdırılıb. Ötən ilin fevralından bəri hər iki ölkənin itkin düşmüş şəxslər üzrə aidiyyəti komissiyaları arasında vasitəçisiz təmaslar qurulub, görüşlər və telefon danışıqları aparılıb. Bu təmaslar zamanı bir sıra mühüm razılaşmalar əldə olunub və tərəflər konkret məlumatların mübadiləsi istiqamətində müəyyən öhdəliklər götürüblər.Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış vətəndaşları barədə topladığı məlumatları Ermənistanla bölüşüb. Müxtəlif mənbələrə, şahid ifadələrinə və araşdırmaların nəticələrinə əsasən, 834 Azərbaycan vətəndaşının siyahısı təqdim edilib. Onlardan 104 nəfəri barədə daha ətraflı məlumatlar qarşı tərəfə çatdırılıb. Bununla yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən qeydiyyata alınan və Ermənistan ərazisində, eləcə də Qarabağdakı saxlanma yerlərində baş çəkilən 54 azərbaycanlı ilə bağlı ayrıca materiallar verilib. Bu məlumatların təqdim edilməsi Azərbaycanın məsələnin həllində real əməkdaşlığa hazır olduğunu göstərən mühüm addımdır. Azərbaycan bununla kifayətlənməyib, hadisələrdə iştirak etmiş, şahid olmuş və ya itkin düşmüş şəxslərin sonrakı taleyi barədə məlumatı ola biləcək sağ şahidlərin siyahılarını da qarşı tərəfə çatdırıb. Ötən ilin may-iyun aylarında təqdim edilən həmin materialların Ermənistanın müvafiq qurumları tərəfindən yoxlanılması itkinlərin saxlanma yerləri, yoxaçıxma halları və ehtimal olunan dəfn yerləri barədə yeni məlumatların əldə olunmasına imkan verə bilərdi. Ancaq Ermənistan tərəfi indiyədək bu materialların yoxlanılmasının nəticələri barədə Azərbaycanı məlumatlandırmayıb.Daha ciddi məqam isə Ermənistan tərəfinin özünün etiraf etdiyi məlumatlarla bağlıdır. Belə ki, iki ölkənin komissiyaları arasında təmaslar zamanı Ermənistan nümayəndələri Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının dəfn olunduğu 204 kütləvi və fərdi məzarlığın yeri barədə koordinatlara malik olduqlarını bildiriblər. Həmin məzarlıqların əsasən kütləvi dəfn yerləri olduğu da qeyd edilib. Ermənistan tərəfi bu məlumatları Azərbaycana təqdim etməyə hazır olduğunu bildirsə də, indiyədək vədini yerinə yetirməyib.Burada diqqətçəkən əsas məqam odur ki, söhbət Azərbaycanın ehtimallarından və ya təsdiqlənməmiş iddialarından getmir. Ermənistan tərəfi konkret dəfn yerləri barədə məlumatların mövcudluğunu özü təsdiqləyib. Deməli, həmin məlumatların təqdim edilməməsi itkinlərin axtarışını ləngitməklə yanaşı, rəsmi İrəvanın əməkdaşlığa hazırlığı barədə bəyanatlarının səmimiliyini də ciddi sual altına qoyur. Məsələnin digər mühüm tərəfi Ermənistanın keçmiş hərbi və siyasi rəhbərliyinin nümayəndələrinin açıqlamalarıdır. Bəzi erməni məmurlar itkin azərbaycanlıların dəfn yerləri barədə məlumatlı olduqlarını müxtəlif vaxtlarda bildiriblər. Belə açıqlamalar qarşı tərəfin bu məsələdə məlumatsız olması barədə iddiaların əsaslılığına şübhə yaradır. Birgə əməkdaşlıq çərçivəsində əldə olunmuş, lakin icra edilməmiş digər razılaşmalar da mövcuddur. Ermənistan tərəfi 1992-ci il iyunun 13-də Xocalı rayonunun Naxçıvanlı kəndi istiqamətində itkin düşmüş Azərbaycanın ilk hərbi təyyarəçisi Vaqif Qurbanovun ehtimal edilən dəfn yerinin koordinatlarını təqdim edib. Azərbaycan həmin məlumat əsasında axtarış tədbirləri həyata keçirsə də, göstərilən yerin araşdırılması nəticəni təsdiqləməyib. Ermənistan tərəfi dəfn yerini dəqiq göstərə biləcək şahidin əraziyə gəlməsini təmin etməyə hazır olduğunu bildirsə də, bu vəd də reallaşmayıb. Bu nümunə göstərir ki, məlumatın təqdim edilməsi ilə yanaşı, onun dəqiqliyinin yoxlanılması və axtarış prosesində praktiki iştirak da vacibdir.İkitərəfli əməkdaşlığın zəifləməsi də ayrıca narahatlıq doğurur. Ermənistanın humanitar əməkdaşlıqla bağlı nümayiş etdirdiyi mövqeyi ilə real addımlar arasında ziddiyət Cari il martın 24-də iki ölkənin komissiyalarının nümayəndələri arasında bu məsələ ilə bağlı sonuncu telefon danışığı baş tutub. Həmin təmaslar zamanı əvvəlki razılaşmaların icra edilməməsinin səbəbləri ilə bağlı verilən suallara isə Ermənistan tərəfi rəhbərliklərindən müvafiq göstəriş almadıqlarını və bu məsələlərə cavab vermək imkanında olmadıqlarını bildirib. Bu cür mövqe humanitar məsələnin siyasi iradədən və institusional qərarlardan asılı vəziyyətdə saxlanıldığını göstərir. Halbuki itkin düşmüş insanların taleyinin müəyyənləşdirilməsi dövlətlərarası münasibətlərin vəziyyətindən asılı olmayaraq davam etdirilməlidir. Bu kontekstdə Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvandakı konfransda səsləndirdiyi fikirlərin praktiki nəticələrlə müqayisəsi xüsusi əhəmiyyət daşıyır. O, ailələrin yaxınlarının taleyini bilmək hüququnu, dövlətin bu ailələr qarşısında məsuliyyətini və Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Lakin bu fikirlərin real məzmun qazanması üçün artıq razılaşdırılan tədbirlərin icrası vacibdir. Noyabrın 19-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkəsinin itkin düşmüş şəxslərin axtarışı və eyniləşdirilməsi sahəsində əməkdaşlığa daim hazır olduğunu bildirməsi də bu baxımdan diqqət çəkir. İtkin düşmüş şəxslərlə bağlı qanunun Ermənistanda 2026-cı ilin mayında qüvvəyə mindiyini deyən Ararat Mirzoyan bu sahədə daimi əməkdaşlığın mümkünlüyünü vurğulayıb. Lakin əməkdaşlığa hazırlıq yalnız bəyanatlarla ölçülə bilməz. Bununla yanaşı, Ermənistanın vəd etdiyi məlumatları təqdim etməməsi, birgə axtarış tədbirlərinin həyata keçirilməməsi və Azərbaycan tərəfindən təqdim edilmiş materialların yoxlanılması ilə bağlı nəticələri açıqlamaması bu bəyanatların praktiki əsasını zəiflədir. Digər tərəfdən, Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olmuş 54 azərbaycanlının taleyi məsələsi də olduqca mürəkkəb və ağrılıdır. Həmin şəxslərdən 17-nin nəşi Azərbaycana qaytarılıb, 33 nəfərin saxlanma yerlərində öldüyü bildirilsə də, onların qalıqları hələ də təqdim edilməyib. Dörd nəfərin taleyi isə naməlum olaraq qalır. Bu məsələdə beynəlxalq humanitar təşkilatların fəaliyyəti də diqqətdən kənarda qalmamalıdır. Baxmayaraq ki, Beynəlxalq Qızıl Xaç Komitəsi uzun illər münaqişə tərəfləri arasında humanitar vasitəçilik həyata keçirib, saxlanılan şəxslərlə bağlı məlumatların toplanmasında və ailələrlə əlaqələrin qurulmasında iştirak edib. Bununla belə, minlərlə azərbaycanlı ailənin hələ də yaxınlarının taleyi barədə cavab ala bilməməsi beynəlxalq humanitar mexanizmlərin effektivliyi ilə bağlı ciddi suallar doğurur. Prezident İlham Əliyev 2026-cı il oktyabrın 7-də “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında keçirilən IV beynəlxalq konfransın iştirakçılarına müraciətində bu məsələyə toxunaraq, təşkilatın uzunillik fəaliyyətinin nəticələrinin qənaətbəxş olmadığına diqqət çəkib. Bu, özlüyündə beynəlxalq humanitar qurumların fəaliyyətinin yalnız görülmüş işlərin sayı ilə deyil, itkinlərin taleyinin müəyyənləşdirilməsi baxımından əldə edilmiş real nəticələrlə qiymətləndirilməsinin vacibliyini bir daha təsdiqləyir. Azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar da itkinlərin taleyinin araşdırılmasının hüquqi əhəmiyyətini artırır. Bu günədək həmin ərazilərdə 32 kütləvi məzarlığın aşkarlanması, insan qalıqları üzərində aparılan ekspertizalar zamanı ölüm şəraitinə dair mühüm əlamətlərin müəyyənləşdirilməsi münaqişə dövründə törədilən mümkün cinayətlərin araşdırılmasının vacibliyini göstərir. İnsan qalıqlarının ekshumasiyası, məhkəmə-tibbi ekspertizası və şəxsiyyətin müəyyənləşdirilməsi yalnız ailələrin cavab alması üçün deyil, həm də baş verən hadisələrin obyektiv hüquqi qiymətləndirilməsi baxımından zəruridir. Dəfn yerlərinin gizlədilməsi araşdırmaların aparılmasına mane olmaqla yanaşı, mümkün hərbi cinayətlərin üzə çıxarılması prosesini də çətinləşdirir. İtkinlərin axtarışına mane olan mina təhlükəsi İtkinlərin axtarışını mürəkkəbləşdirən digər mühüm amil isə mina təhlükəsidir. Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan axtarış və bərpa işləri zamanı minaların və digər partlayıcı qurğuların aşkarlanması təhlükənin miqyasını bir daha ortaya qoyur. Bəzi ehtimal olunan kütləvi məzarlıqların ətrafında minaların mövcudluğu axtarış tədbirlərini çətinləşdirir, mütəxəssislərin təhlükəsizliyini risk altına alır və prosesi ləngidir. Bu səbəbdən Ermənistanın həm dəfn yerləri, həm də dəqiq mina xəritələri ilə bağlı məlumatları təqdim etməsi mühüm humanitar və təhlükəsizlik zərurətidir. Ermənistanın indiyədək Azərbaycana təqdim etdiyi mina xəritələrinin həm dəqiqlik, həm də əhatəlilik səviyyəsi olduqca aşağıdır. Bəzi ərazilər üzrə isə ümumiyyətlə xəritələr təqdim olunmayıb. Xüsusilə 2020-ci ildən sonra yeni təmas xətti boyunca Ermənistan tərəfindən yerləşdirilmiş minalarla bağlı xəritələrin təqdim olunmaması vəziyyəti daha da ağırlaşdırıb. Problemin miqyası 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirlərindən sonra azad edilmiş ərazilərdə 500 mindən çox minanın aşkarlanması ilə daha aydın şəkildə üzə çıxıb. Bu faktlar mina probleminin yalnız keçmiş hərbi əməliyyatların nəticəsi olmadığını, müharibədən sonrakı dövrdə də ərazilərin təhlükəsizliyinə ciddi təsir göstərdiyini nümayiş etdirir. Minalar keçmiş hərbi mövqelərlə məhdudlaşmır. Onlar yaşayış məntəqələrinin yaxınlığında, yollar boyunca, meşələrdə, çay sahillərində, əkin sahələrində və kənd qəbiristanlıqlarında da aşkarlanır. İtkinlərin taleyi ilə bağlı beynəlxalq ictimaiyyətin diqqətinin artırılması istiqamətində zərərçəkmiş ailələrin özlərinin həyata keçirdikləri aksiyalar da xüsusi əhəmiyyət daşıyır. “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin 2025-ci ildə Cenevrədə BMT-nin Avropa qərargahı qarşısındakı “Sınıq stul” abidəsi yanında keçirdiyi aksiya, eləcə də 2026-cı ilin oktyabrında Brüsseldə Avropa Parlamenti və Avropa İttifaqının digər təsisatları qarşısında təşkil etdiyi silsilə tədbirlər və digərləri bu problemin beynəlxalq gündəmdə saxlanılmasına xidmət edib. Onların tələbləri isə dəyişməzdir: Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi barədə bildiyi məlumatları açıqlamalı, dəfn yerlərini göstərməli və onların yaxınlarının harada dəfn olunduğunu öyrənməsinə imkan yaratmalıdır. Beynəlxalq humanitar hüququn prinsipləri də silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərin axtarılmasının, onların taleyinin müəyyənləşdirilməsinin və insan qalıqlarının ləyaqətlə rəftar edilərək ailələrinə qaytarılmasının vacibliyini nəzərdə tutur. Bütün bunları nəzərə alaraq, Ermənistan tərəfi üzərinə düşən məsuliyyəti siyasi proseslərdən asılı olmayaraq yerinə yetirməlidir. İrəvanda keçirilən beynəlxalq konfransın əhəmiyyəti də məhz bu meyarlarla qiymətləndirilməlidir. Əgər tədbirdə səsləndirilən fikirlər həqiqətən humanitar əməkdaşlığın genişləndirilməsinə xidmət edirsə, bunun ilk nəticəsi artıq əldə olunmuş razılaşmaların icrasında görünməlidir. Çünki Azərbaycan bütün ailələrin maraqları naminə bu istiqamətdə əməkdaşlığa hazır olduğunu dəfələrlə nümayiş etdirib. Otuz ildən çox davam edən bu humanitar problemin həlli üçün daha bir beynəlxalq konfransın keçirilməsindən çox, mövcud razılaşmaların yerinə yetirilməsinə ehtiyac var. Minlərlə ailə yeni bəyanatlar, siyasi vədlər və ümumi əməkdaşlıq çağırışları deyil, konkret cavablar gözləyir. Hər bir açıqlanmayan koordinat, təqdim edilməyən sənəd və araşdırılmayan şahid ifadəsi həmin ailələrin gözləntisini bir qədər də uzadır. Ermənistanın həqiqi əməkdaşlığa hazır olduğunu nümayiş etdirməsinin ən inandırıcı yolu isə özündə olan məlumatları gizlətməmək və verdiyi vədləri yerinə yetirməkdir. Müəllif – Aytac Haqverdiyeva