Bakı, 20 noyabr, AZƏRTAC “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Gəncədə vətəndaşlarla görüş keçirib. Qərb Regional Şəbəkələrin Baş İdarəetmə Mərkəzində baş tutan tədbirdə Gəncə, Samux, Göygöl və Daşkəsəndən olan sakinlər iştirak ediblər. “Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, görüşdən əvvəl nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Gəncədəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.Tədbir zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.