Ermənistanda sülhə qarşı gizli plan işə düşür-yenə Qarabağ "kartı"...

Ermənistanda Qarabağla bağlı səslənən yeni siyasi bəyanatlar Azərbaycan-Ermənistan münasibətlərində formalaşmaqda olan sülh gündəliyinin kövrəkliyini bir daha üzə çıxarır. Belə ki, son günlərdə İrəvanda bəzi siyasi dairələrin və Qarabağdan köçmüş ermənilərlə əlaqəli qurumların “qayıdış”, keçmiş separatçı strukturların taleyi və törətdikləri cinayət əməllərinə görə Azərbaycan məhkəmələri tərəfindən haqlı cəzalarını alan ermənilərlə bağlı məsələni yenidən beynəlxalq müstəviyə çıxarmaq cəhdləri diqqət çəkir.

Noyabrın 17-də İrəvanda üç erməni siyasi partiyasının nümayəndələri BMT-yə məktub ünvanlayaraq, həyasızcasına BMT Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 17 noyabr tarixli qərarının icrasını tələb ediblər. Bundan bir həftə öncə isə qondarma “Artsax” da Ermənistan hökumətinə və Rusiyanın İrəvandakı səfirliyinə müraciət edərək eyni tələbləri gündəmə gətirmişdi.

Məsələnin diqqətçəkən tərəfi odur ki, bu çağırışlar Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ mövzusunun yenidən gündəmə gətirilməsinə qarşı çıxan mövqeyi ilə ziddiyyət təşkil edir. Hökumət başçısı dəfələrlə bəyan edib ki, Qarabağ ermənilərinin qayıdışı məsələsinin gündəmdə saxlanılması yeni qarşıdurma riskini artırır və sülh prosesinə mane olur. Avqust ayında isə o, bu mövzunun Azərbaycanla Ermənistan arasında qarşılıqlı şəkildə gündəmdən çıxarılmasını təklif edib.

Digər tərəfdən, noyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyanın Dublində keçirilən görüşündə nəqliyyat əlaqələri, ticarət, sərhədlərin delimitasiyası və etimad quruculuğu tədbirləri müzakirə olunub. Bu, tərəflərin sülh gündəliyini irəli aparmaq niyyətinin davam etdiyini göstərir. Lakin İrəvanda Qarabağ məsələsinin yenidən beynəlxalq müstəviyə daşınmasına çalışan qüvvələrin fəallaşması həmin prosesin qarşısında əlavə siyasi maneələr yarada bilər. Belə görünür ki, Ermənistan daxilində Qarabağ mövzusu ətrafında iki fərqli siyasi xətt formalaşıb. Paşinyan hökuməti sülh prosesini qorumağa çalışır, müəyyən siyasi dairələr isə bu məsələni yenidən gündəmə gətirməklə həm hakimiyyətə təzyiq göstərmək, həm də Azərbaycanla münasibətlərdə əvvəlki mübahisəli gündəliyi dirçəltmək istəyirlər.

Bu qüvvələr Paşinyan hökumətinin sülh siyasətinə təsir göstərərək Azərbaycan-Ermənistan münasibətlərini yenidən gərginləşdirə biləcəklərmi?

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının Baş katibi, politoloq Niyaməddin Orduxanlı bütün bunları təsadüfi saymır. O, Musavat.com-da fikirlərini belə davam etdirdi: “Azərbaycan prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşdə əsasən ticarət, nəqliyyat əlaqələri, sərhdələrin delimitasiya və demokrasiyası və s məsələlər müzakirə olunandan sonra, dərhal Ermənistanda fəaliyyət göstərən revanşist və Rusiyaya bağlı olan qüvvələrin kəskin bəyanatları gündəmə gəlir. Təbii ki, bu, təsadüf deyil. Dəfələrlə olub ki, hər iki şəsxin görüşündən dərhal sonra adını çəkdiyiniz qüvvələr birgə bəyanatlar veriblər, çıxışlar ediblər. Məqsədləri hər iki ölkə arasında mümkün olan sülh sazişinin baş tutmamasıdır. Revanşistlər Qarabağ faktoruna görə Ermənistanda hakimiyyətə gəlmişdilər və bu səbəbdən onlar hakimiyyətdə olduqları müddət ərzində yüz milyonlarla dolları korupsiya yolu ilə qazanmışdılar. Bu qüvvələr üçün Qarabağ hakmiyyəyə qayıtmaq üçün bir vasitədir, oğurladıqları pulu qorumaq istəyirlər. Keçmiş prezident Köçəryan hardadır? Həmçinin də keçmiş prezident Sərkisyana cinayət işi açılıb. Üç patiyanın BMT-yə müraciət edib, bir neçə min erməninin Qarabağa qayıdış hüququndan və ya mülkiyyətlərindən danışırlar, bəs, son illərdə 2 milyondan artıq Qərbi Azərbaycandan, Zəngəzurdan, Dərələyəzdən, Göyçədən, o cümlədən 12 vilayətdən etnik kimliyinə, türk kimliyinə görə zorla çıxarılan, evlərini ələ keçirilən soydaşlarımızı düşünmürlər? Söhbət yüz minlərlə mülkdən gedir. Həmin BMT bu insanların mülkiyyət hüququnun qaytarılması və öz dədə-baba torpağına qayıtması üçün hansı addımlar atacaq? Təbii ki, sülh əldə olunacağı təqdirdə milyonlarla qərbi azərbaycanlıların hüquqları bərpa olunmalıdır. Azərbaycanla Ermənistan arasında sülhün əldən olunması üçün Rusiya ilə danışıqlar aparmalıyıq. Rusiya bilməlidir ki, sülh sazişinin əldə olunmasından Rusiyaya heç bir ziyan gəlməz".

Politoloq dedi ki, biz 44 günlük vətən müharibəsində Rusiyanın neytrallığını təmin etdiyimiz kimi, sülhün əldə olunmasında da Moskvanı inandırmalıyıq ki, əldə olunmuş sülh hər üç dövlətin xeyrinədir: "Sülhün əldə olunması prosesində qardaş Türkiyənin də iştirak etməsi, əldə olunmuş nəticənin uzun müddətli və təminatlı olmasına gətirib çıxarar”.