Netanyahu ordunun xəbəri olmadan İran əməliyyatı hazırlamaq istəyib – The Washington Post

İsrailin Baş naziri Benyamin Netanyahunun hərbi rəhbərliyi məlumatlandırmadan Mossad vasitəsilə İrana qarşı gizli əməliyyat hazırlamaq istədiyi iddia olunur.

“The Washington Post” qəzetinə istinadən, vəziyyətlə tanış olan dörd mənbənin sözlərinə görə, Netanyahu Mossad rəhbəri Qofmandan kabinetin və İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamirin xəbəri olmadan İran daxilində əməliyyat hazırlanmasını istəyib.

Mənbələr bildirirlər ki, plan barədə məlumat sonradan təhlükəsizlik qüvvələrinə, o cümlədən Zamirə də çatıb. Əməliyyatın konkret məqsədi və detalları açıqlanmayıb.

İddialara görə, İsrail rəhbərliyində İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı mövcuddur. Mossad rəhbəri daha sərt tədbirləri dəstəklədiyi halda, Zamir hərbi eskalasiyaya ehtiyatla yanaşır və belə əməliyyatın zəruriliyini şübhə altına alır.

İsrailin təhlükəsizlik rəsmisi ordunun iştirakı olmadan əməliyyat planlaşdırılması ilə bağlı iddiaları təkzib edib. Netanyahunun ofisi isə məsələyə münasibət bildirməyib.

Qəzetin məlumatına görə, fikir ayrılıqları mümkün yeni İsrail-ABŞ əməliyyatı və İranda rejim dəyişikliyi ssenariləri ətrafında da davam edir.