Karib dənizində kruiz gəmisində 100-dən çox sərnişin və ekipaj üzvü naməlum mədə-bağırsaq xəstəliyinə yoluxub.
Bu barədə noyabrın 20-də “The New York Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, “Caribbean Princess” gəmisində 2936 sərnişindən 134-ü, 1132 ekipaj üzvündən isə 14-ü özünü pis hiss edib. Əsas simptomlar qusma və ishal olub.
Xəstəlik gəminin noyabrın 11-də Fort-Loderdeyldən yola düşməsindən dörd gün sonra yayılmağa başlayıb. Yoluxmanın səbəbi hələ müəyyən edilməyib. Kruiz şirkəti xəstəliyi yüngül xarakterli kimi qiymətləndirib.
“Princess Cruises” şirkətinin nümayəndəsi bildirib ki, sərnişinlərin əksəriyyətində hələ də heç bir simptom müşahidə olunmur və vəziyyət diqqətlə izlənilir.
Buna baxmayaraq, gəmi planlaşdırılmış marşrut üzrə hərəkətini davam etdirir. 12 gecəlik kruiz proqramına Kolumbiyaya səfər və Panama kanalından keçid daxildir. Gəminin noyabrın 23-də ABŞ-a qayıtması gözlənilir.