"İstedad israf ediləndə daha erotik olur..."- Amerikalı yazıçının sitatları

Bu gün amerikalı yazıçı Don Delillonun doğum günüdür.

Kulis.az 90 yaşlı ədibin əsərlərindən sitatları təqdim edir.

Necə də qəribədir. Özümüz və sevdiklərimizlə bağlı içimizdə dərin, dəhşətli və bizi tərk etməyən qorxular var. Yenə də gəzib-dolaşır, insanlarla söhbət edir, yeyib-içirik. Yaşamağa davam edə bilirik. Bu hisslər həm dərindir, həm də gerçək. Məgər bunlar bizi iflic etməli deyildi? Necə olur ki, heç olmasa bir müddətlik bu qorxulardan sağ çıxa bilirik? Maşın sürürük, dərs deyirik. Necə olur ki, dünən gecə və ya bu səhər nə qədər dərin bir qorxu keçirdiyimizi heç kim görmür? Bu, qarşılıqlı razılaşma ilə hamımızın bir-birimizdən gizlətdiyi bir şeydir, yoxsa özümüz də bilmədən eyni sirri bölüşür, eyni maskanı taxırıq?

*

Hekayələr təsəllivericidir, bədii ədəbiyyat bu dünyada yaşamağın müqabilində verilən təsəlli mükafatlarından biridir.

*

Romanın öldüyünü eşitmək mənə necə də xoş olardı. Mərkəzi qavrayışdan kənarda, sərhədlərdə çalışmaq necə də azadedicidir. Sən ədəbiyyatın qulyabanısan.

*

İnsan təcrübəsinin ironiyasını dərk etməmək: yer üzündəki ən ali canlı növü olmağımıza baxmayaraq, heç bir heyvanın bilmədiyi bir həqiqəti - öləcəyimizi bildiyimiz üçün hədsiz dərəcədə kədərliyik.

*

İçimdə ölüm gəzdirirəm. Məsələ sadəcə ondan daha çox yaşaya bilib-bilməyəcəyimdədir.

*

Elmi tərəqqi nə qədər böyükdürsə, qorxu da bir o qədər ibtidaidir.

*

İşıqları zamanda ilişib qaldığı üçün hələ də parlayan ölü ulduzlar var. Mən əslində mövcud olmayan bu işığın harasında dayanıram?

*

Hər şeyi açıb-töksən, bütün hisslərini çılpaqlığı ilə göstərsən, anlayış uman olsan, özünüdərk hissinə aid çox mühüm bir şeyi itirərsən. Başqalarının bilmədiyi şeyləri bilməlisən. Özünü tanımağına imkan verən məhz heç kimin sənin haqqında bilmədikləridir.

*

Bir yerdə ola-ola belə o yer üçün darıxmaq mümkündür.

*

Burada olmaq bir növ mənəvi təslimiyyətdir. Biz yalnız başqalarının gördüyünü görürük. Keçmişdə burada olmuş minlərlə insanın və gələcəkdə bura gələcək olanların gördüyünü. Biz kollektiv qavrayışın bir hissəsi olmağa razılaşmışıq. Bu, sözün əsl mənasında baxışlarımıza rəng qatır. Bütün turizm növləri kimi, bu da bir növ dini təcrübədir.

*

Ölülərin gücü ondadır ki, biz onların bizi hər an gördüyünü düşünürük. Ölülərin bir varlığı var. Görəsən, yalnız ölülərdən ibarət olan bir enerji səviyyəsi mövcuddurmu? Əlbəttə, onlar həm də torpağın altındadırlar, yatır və çürüyürlər. Bəlkə də biz onların gördükləri yuxularıq.

*

Hətta özünü məhv edəndə belə, başqalarından daha çox uğursuz olmaq, daha çox itirmək, daha çox ölmək, başqalarından daha çox üfunət saçmaq istəyirsən.

*

İstedad israf ediləndə daha erotik olur.

*

Reallığı dəfn etmək, xəyallardan qurtulmaqdan qat-qat asandır.

*

O elə bilir ki, xoşbəxtdir, amma bu, sadəcə beynindəki bir sinir hüceyrəsinin həddindən artıq çox və ya həddindən artıq az stimullaşdırılmasıdır.

*

Hər şey cəmi bir neçə həftədir. Hər şey günlərdən ibarətdir. Yaşamaq üçün dəqiqələrimiz qalıb.