Azərbaycanda 9 ayda 80 minə yaxın yeni iş yeri açılıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 79,5 min yeni iş yeri yaradılıb. Yeni iş yerlərinin 92,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə dair açıqladığı məlumatda bildirilib.

Məlumata görə, yeni iş yerlərinin 77,3 faizi Bakı şəhərində, 6,6 faizi Abşeron-Xızı, 2,4 faizi Gəncə-Daşkəsən, 2,3 faizi Şəki-Zaqatala, 2,2 faizi Quba-Xaçmaz, 1,9 faizi Qarabağ, 1,2 faizi Naxçıvan və Qazax-Tovuz, 1 faizi Mərkəzi Aran və Şirvan-Salyan, 0,9 faizi Lənkəran-Astara, 0,8 faizi Şərqi Zəngəzur, 0,7 faizi Mil-Muğan, 0,5 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarında yaradılıb.

Yeni açılan iş yerlərinin 22,1 faizi yeni təsis edilmiş müəssisə və təşkilatların, 77,6 faizi mövcud müəssisə və təşkilatların, 0,3 faizi isə fəaliyyətini bərpa edən müəssisə və təşkilatların payına düşüb.

Hüquqi şəxslər tərəfindən yaradılan iş yerlərinin iqtisadi fəaliyyət sahələri üzrə bölgüsündə tikinti sektoru 23,4 faizlə ilk sırada qərarlaşıb. Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 16,1 faiz, emal sənayesində 11,8 faiz, peşə, elmi və texniki fəaliyyət sahəsində 9,1 faiz, inzibati və yardımçı xidmətlər üzrə isə 7 faiz yeni iş yeri açılıb.

Bundan başqa, yeni iş yerlərinin 5,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi informasiya və rabitə, 3,4 faizi təhsil, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,1 faizi səhiyyə və sosial xidmətlər, 2,7 faizi maliyyə və sığorta fəaliyyəti sahələrində yaradılıb. İş yerlərinin 7,3 faizi digər iqtisadi fəaliyyət növlərinin payına düşüb.

Eyni zamanda, hesabat dövründə ölkədə 13,8 min iş yeri bağlanıb. Bağlanan iş yerlərinin 34,6 faizi qeyri-dövlət sektoruna aid olub.

İş yerlərinin 10,2 faizi müəssisə və təşkilatların fəaliyyətini dayandırması, 89,8 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar nəticəsində bağlanıb.