Tramp Putinə hansı təklifləri verib? - AÇIQLAMA

Rusiya və ABŞ arasında Ukraynadakı münaqişənin nizamlanması məsələsi üzrə anlaşma var.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Tramp və Çin sədri Si Cinpinlə üçtərəfli görüşün yekunlarına dair brifinqdə çıxışı zamanı bildirib.

"Ukraynanın nizamlanması üzrə kompromislər var, onlar ABŞ tərəfindən təklif olunub, biz onlarla, həm də, Ankoricdə razılaşmışıq", – Putin deyib.

Maraqlıdır, ABŞ hansı təklifləri verib?

Bu barədə politoloq Rəşad Bayramov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, məsələnin maraqlı tərəfi budur ki, Putin bu açıqlama ilə faktiki olaraq məsuliyyəti Kiyevin üzərinə qoymağa və Ukraynanı danışıqlarda daha güzəştli mövqe tutmağa sövq etməyə çalışır:

“Yəni, Moskvanın kompromisə getdiyini, indi növbənin Ukraynada olduğunu bildirir. Lakin təkliflərin məzmununa baxdıqda onların Ukrayna üçün kifayət qədər ciddi siyasi və ərazi güzəştləri nəzərdə tutduğu görünür. Odur ki, Putinin bu açıqlaması ilk növbədə Vaşinqtonla Moskva arasında müəyyən razılaşma çərçivəsinin formalaşdığı barədə siyasi mesaj vermək məqsədi daşıyır. Bilirik ki, ABŞ-nin təklif etdiyi kompromislərin əsas istiqamətlərindən biri ərazi məsələsinin həlli ilə bağlıdır. Xüsusilə Donetsk vilayətinin Ukraynanın nəzarətində qalan hissəsinin taleyi danışıqların ən mürəkkəb mövzularından biri olaraq qalır. Moskva Ukraynanın Donbas üzərində nəzarətdən imtina etməsini tələb edir. Vaşinqtonun müzakirəyə çıxardığı variantlarda da ərazi məsələsinin müəyyən güzəştlər əsasında həlli nəzərdə tutulur. Lakin bu yanaşma Ukrayna üçün ciddi siyasi və təhlükəsizlik problemləri yaradır. Çünki ərazilərdən imtina yalnız torpaq itkisi deyil, həm də ölkənin gələcək müdafiə imkanlarına və regional təhlükəsizlik arxitekturasına təsir göstərə biləcək qərardır. Digər tərəfdən isə nə Zelenskinin, nə Ukrayna hökumətinin, nə də Ali Radanın belə bir güzəşti qəbul etmək kimi səlahiyyəti yoxdur. Üstəlik hətta bu baş versə belə Ukraynanın gələcək təhlükəsizliyinə hər hansı bir təminat yoxdur”.

Politoloq Ukraynanın əsas istəyinin özü üçün təhlükəsizlik təminatı olduğunu açıqlayıb:

“Rusiya isə uzun müddətdir Kiyevin NATO-ya üzvlük perspektivindən imtina etməsini və ölkə ərazisində alyansın hərbi infrastrukturunun yerləşdirilməməsini tələb edir. ABŞ tərəfindən müzakirəyə çıxarılan variantlarda isə Ukraynanın təhlükəsizliyinə dair alternativ təminat mexanizmləri nəzərdən keçirilir, amma o mexanizm özü də faktiki olaraq real təhlükəsizlik zəmanəti demək deyil. Ukrayna üçün real zəmanət NATO üzvlüyü ola bilər. Amma müharibənin başlama səbəbibinin həm də NATO-nun Şərqə doğru genişlənməsi olduğunu nəzərə alsaq Moskvanın belə bir təklifi qəbul etməsi mümkünsüz görünür. Putin açıqlamasında Avropa ölkələrinin də danışıqlara cəlb olunmasına razılıq verdiyini bildirir, amma o bu məsələdə də səmimi deyil.

Biz son Abu-Dabi görüşündə məhz Rusiyanın etirazına görə Avropa təmsilçilərinin birbaşa danışıqlardan kənarda saxlanıldığını gördük. Odur ki, Putinin açıqlamasını diplomatik təzyiq və danışıqlar mövqelərinin möhkəmləndirilməsi cəhdi kimi qiymətləndirmək daha düzgündür. ABŞ ilə Rusiya arasında müəyyən kompromis çərçivəsinin mövcudluğu hələ Kiyevin həmin şərtləri qəbul edəcəyi anlamına gəlmir. Əsas ziddiyyət isə ondan ibarətdir ki, Moskvanın irəli sürdüyü tələblər Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı fundamental məsələlərə toxunur. Buna görə də müharibənin dayandırılması Ukraynanın güzəştlərindən yox, Rusiyanın ilkin tələblərindən nə qədər geri çəkilə biləcəyindən asılıdır”.