Ağdam Şəhəri Günü: Tarixi ədalətdən şəhər mədəniyyətinin yeni dirçəlişinə...

20 Noyabr! – 2020-ci ilin bugününədək Qarakənd faciəsi ilə anılırdı. Son 6 ildə yalnız Ağdam yox, milli təqvimin bu günü də işğaldan qurtulub. Biz Qarakənd faicəsini unut­muruq; daha böyük problemi çözməyimiz, ərazi bütövlüyü və suverenliyimizi təmin etmə­yi­miz bü­tün dönəmlərdəki şəhidlərimizin ruhunu şad edib; şəhidlərimizin amalları yerinə yetib, göyünə ça­tıb, bayraqlaşıb və Qarakənddə, Qarabağın hər tərəfində, Zəngəzurun gündo­ğarında dalğa­la­nır.

Bəli, tarixin elə ünvanları var, onlar coğrafi koordinatlarından daha böyük məna daşıyır. Belə ünvanlar xəritədən daha çox, xalqın yaddaşında, dövlətin siyasi iradəsində, mədə­niy­yətin mənəvi dərinliklərində yaşayır. Ağgünlü Ağdam məhz belə ünvanlardandır. Ağdam şəhəri Qa­rabağın tarixi-mədəni bütövlüyünün, Azər­baycan şəhər mədəniy­yəti­nin, milli dirəniş və dir­çə­liş iradəsinin özünəxas ifadəsidir. Onun taleyində bir xalqın yaşadığı faciə də, qazandığı Zəfər də, qurduğu gələcək də görünür. 20 Noyabr – Ağdam Şəhəri Günü bu baxımdan təqvim hadisəsi olmaqdan üstündür. Bu gün həm tarixi ədalətin bərpasını, həm milli suverenliyin gerçək məzmununu, həm də da­ğın­tı­dan quruculuğa keçidin siyasi-iqtisadi və kulturoloji fəlsəfəsini ifadə edir. Biz artıq Ağdam haq­qında yalnız keçmiş zamanda danışmırıq. Ağdam yenidən ya­şayır, yaradır, yeni ağgünlərə ça­ğı­rır!

Ağdamın tarixi-mədəni kimliyi Qarabağın çoxəsrlik yaşayış və dövlətçilik gələnəkləri ilə üzvi bağlıdır. Üzərliktəpə arxeoloji abidəsi bölgədə qədim məskunlaşma və təsərrüfat mə­də­niyyətinin izlərini yaşadır. Şahbulaq qalası, Pənahəli xanın İmarət kompleksi, Qarabağ xanlarının məzarları isə bu coğrafiyanın siyasi-tarixi yaddaşını günümüzə daşıyır. Ancaq Ağdamın kimliyini yalnız maddi abidələrlə müəyyənləşdirmək yetərli olmazdı. Şəhərlərin də insanlar kimi xarakteri, davranış mədəniyyəti, özünəmxas ruhu olur, ruhu!.. Ağdamın ruhunda muğamın zəngin nəfəsi, Qarabağ atçılıq gələnəyi, sənətkarlıq, ticarət, maarifçilik, aydınlıq və yurdsevərlik bir-birini tamamlayırdı. Ağdam muğam məktəbi xalqın estetik təfəkkürünün, sözə və səsə münasibətinin, milli duyumunun mühüm ifadələrindən biridir.

Bəs şəhəri şəhər edən nədir? – Binalarmı, küçələrmi, meydanlarmı? – Əlbəttə, bunlar da vacibdir; ancaq şəhəri şəhər edən, hər şeydən öncə, onun insanı, yaddaşı, ictimai münasibətlər sistemi və mədəni mühitidir. Bu anlamda Ağdamın bərpası şəhərsalma hadisəsindən ötə, həm də mədəni davamlılığın bərpası, tarixi yaddaşın yeni nəsillərə ötürülməsi və milli kimliyin çağ­daş həyatla qovuşması prosesidir.

1993-cü il iyulun 23-də Ağdam şəhərinin işğalı Azərbaycanın çağdaş tarixinin ən ağır hadisələrindən biri oldu. İşğal nəticəsində on minlərlə insan doğma yurdundan didərgin düşdü, şəhərin maddi-mədəni mühiti dağıdıldı, yaşayış və təsərrüfat infrastrukturu məhv edildi.

BMT Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü il tarixli 853 saylı qətnaməsində Ağda­mın, digər ərazilərimizin zəbt edilməsi pislənilir, işğalçı qüvvələrin həmin ərazilərdən çıxa­rılması tələb olunurdu; lakin beynəlxalq hüquq prinsipləri ilə onların həyata keçirilməsi ara­sında uzun illər ciddi uçurum qaldı. Ağdamın taleyi beynəlxalq münasibətlər sistemində önəmli həqiqəti üzə çıxardı: hüquqi norma yalnız açıqlanmaqla öz məqsədinə çatmır; onun gerçək­ləş­məsi üçün siyasi iradə, təsirli beynəlxalq mexanizmlər və dövlətin öz hüquqlarını müdafiə et­mək yetənəyi də tələb olunur. İşğal dönəmində Ağdamın yaşayış məhəllələrinin, ictimai bina­larının, dini və mədəni abidələrinin genişmiqyaslı dağıntıya məruz qalması, bir şəhərin tarixi yaddaşına, mədəni irsinə, sosial yaşamının davamlılığına vurulmuş ağır zərbə idi.

Ağdamın bir zamanlar “Qafqazın Xirosiması” adlandırılması da məhz dağıntının miq­yasını ifadə edən obrazlı səciyyələndirmə kimi meydana çıxdı. Ancaq bu bənzətmə Ağdamın əbədi kimliyinə çevrilə bilməzdi. – Ağdamın mahiyyəti dağıntı deyil, həyatdır, həyat! Onun tarixi missiyası xarabalıqlar içindən yenidən yüksəlməkdir!

2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Zəfər bölgədə hərbi-siyasi gerçəkliyi əsaslı şəkildə dəyişdirdi. Prezident, Müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş Zəfər nəticəsində düşmənin iradəsi (beli!) qırıldı və noyabrın 20-də Ağdamın işğal altında qalmış əraziləri Azərbaycana qaytarıldı. Belə­liklə, Ağdamın qurtuluşu hərbi Zəfərin siyasi-diplomatik sonuclarından biri kimi gerçəkləşdi.

2023-cü ildə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası isə bu tarixi prosesi tamamlayan yeni mərhələ oldu. Bu gün həmin hadisələri dövlətçilik düşüncəsinin in­kişaf məntiqi baxımından da dəyərləndirmək gərəkdir. – Ərazi bütövlüyünün bərpası döv­lətin əsas hüquqlarının təmin olunmasıdırsa, həmin ərazilərdə təhlükəsiz, firavan, dayanıqlı həyatın qurulması suverenliyin sosial-iqtisadi məzmununun gerçəkləşməsidir. Başqa sözlə, suverenlik sərhəddə dalğalanan bayrağın altında yaşayan insanın təhlükəsizliyi, hüquqları, rifahı, təhsil və əmək imkanları ilə də ölçülür.

Ağdamda Dövlət Bayrağının yenidən ucaldılması tarixi qayıdışın rəmzi idi. İndi həmin bayrağın kölgəsində yeni nəsillərin böyüməsi, yeni müəssisələrin işləməsi, məktəblərin, mədəniyyət ocaqlarının fəaliyyət göstərməsi Zəfərin davamlı ictimai məzmununu yaradır.

2026-cı ilin Ağdamı artıq yalnız layihələrdə təsvir edilən gələcək şəhər olmaqdan çıxıb; burada çağdaş yaşayış məhəllələri, sosial infrastruktur, istehsal müəssisələri, mədəniyyət və daşımaçılıq obyektləri formalaşır.

Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan uzunmüddətli, sistemli şəhər­salma yanaşmasının əsasını təşkil edir; bu yanaşmada yalnız şəhərin fiziki ölçülərinin böyü­məsi vacib bilinmir; əsas məsələ Ağdamın yaşayış, istehsal, xidmət, mədəniyyət və ictimai münasibətlər baxımından funksional, dayanıqlı şəhərə çevrilməsidir.

2025-ci ildə Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Ağdam Muğam Mərkə­zinin istifadəyə verilməsi, yeni yaşayış məhəllələrinin və sosial obyektlərin açılması şəhərin həyat ritmini dəyişən önəmli hadisələr oldu.

Ağdam Sənaye Parkında yeni müəssisələrin fəaliyyətə başlaması iqtisadi dirçəlişin is­tehsal əsaslarını gücləndirir. 2026-cı ilin noyabrında da sənaye ocaqlarının açılması bu prosesin davam etdiyini göstərir. 2026-cı ilin noyabrınadək Ağdam şəhərində 1002 ailə – 3604 nəfər, Xıdırlı, Kəngərli və Sarıcalı kəndləri ilə birlikdə isə ümumilikdə 2146 ailə – 8300 nəfər məs­kunlaşıb. Bu rəqəmlərin arxasında yalnız statistika dayanmır; hər ailə bir ocağın yenidən qa­lanması, hər uşaq səsi şəhərin gələcəyinin eşidilməsi, hər açılan məktəb tarixi yaddaşla sabahın arasında yeni körpü deməkdir. Böyük Qayıdışın dərin anlamı da bax, burada – insanın doğma yurdla pozulmuş münasibətinin bərpasındadır!

Ağdamın quruculuğu çağdaş urbanistik baxımdan da özəl araşdırma mövzusudur. Bu­rada klassik şəhər bərpasından fərqli durum yaranıb: şəhərin fiziki mühiti böyük ölçüdə məhv edilib, lakin onun tarixi kimliyi, ictimai yaddaşı və mədəni mənsubiyyəti yaşamaqda davam edib. Belə bir ortamda əsas sual nə ola bilər? – Sual da, cavab da bəllidir: Ağdam öncəki şəhərin eynisi kimi bərpa edilməlidir, yoxsa yeni dönəmin çağırışlarına uyğun tamam başqa şəhər kimi qurulmalıdır? – Əlbəttə, bu iki yanaşmanı qarşı-qarşıya qoymaq doğru olmazdı; ən sağlam yol tarixi kimliyin qorunması ilə çağdaş şəhərsalma standartlarının yaradıcı birliyidir. – Yeni Ağ­dam öz memarlıq çözümləri, yaşıl bölgələri, ağıllı infrastruktur sistemləri, enerji səmərəliliyi və ictimai məkanları ilə XXI yüzilin şəhəri olmalıdır. Eyni zamanda, burada Qarabağ me­mar­lığının estetik kodları, məhəllə mədəniyyəti, tarixi toponimlər, gələnəksəl sənətkarlıq və mu­ğam mühiti öz təbii yerini tapmalıdır. Başqa sözlə, Ağdam nə keçmişin muzeyləşdirilmiş surəti, nə də yaddaşından ayrılmış texnoloji şəhər olmalıdır; o, keçmişini unutmayan, bugününü ya­radan, gələcəyini düşünən canlı şəhər kimi formalaşmağı haqq edir. Bu, işğaldan qurtulmuş bütün şəhər və kəndlərimiz üçün vacib konseptual prinsipdir.

Bəzən şəhər bərpası haqqında danışarkən yolları, körpüləri, yaşayış binalarını, sənaye obyektlərini önə çəkirik. Bunlar həyati önəm daşısa da, şəhərin mənəvi infrastrukturunun fiziki infrastruktur qədər önəmli olduğunu da unutmuruq. Muğam Mərkəzinin fəaliyyətə başlaması Ağdamın mədəni kimliyinin öz doğma məkanında yenidən institusionallaşmasıdır. Muğam burada yaddaşı daşıyan, nəsilləri birləşdirən, şəhərin estetik mühitini müəyyənləşdirən mənəvi hadisədir. Eyni yanaşma Ağdam Cümə məscidinə, İmarət kompleksinə, Şahbulaq qalasına, tarixi məzarlıqlara və digər mədəni irs örnəklərinə də aiddir.

Tarixi abidələrin bərpası daş-divarın, günbəzin bərpasından irəli, zamanlararası mə­nəvi bağın yenidən qurulmasıdır. Bax, bu anlamda Ağdamın gələcək inkişafında mədəniyyət siya­sətinin daha geniş, elmi əsaslandırılmış proqramlarla zənginləşdirilməsi məqsədəuyğun olardı.

Ağdamın şifahi tarixinin toplanması, məcburi köçkünlük dönəminin ailə arxivlərinin sistemləşdirilməsi, şəhərin keçmiş ictimai-mədəni həyatının rəqəmsal xəritəsinin hazırlanması, muğam, sənətkarlıq gələnəklərinin tədqiqi elmi-mədəni görəvlər sırasındadır. Ağda­mın gələ­cək nəsilləri yalnız şəhərin necə dağıdıldığını görməməli – onun necə yaşadığını, hansı mə­dəni dəyərləri yaratdığını və hansı iradə ilə yenidən qurulduğunu da görməli, bilməlidir.

Böyük Qayıdışın uğurunu yalnız tikilən mənzillərin, salınan yolların, açılan müəs­si­sə­lərin sayı ilə qiymətləndirmək yetərli olmayacaqdır; əsas meyarlardan biri qayıdan insanların yeni ortama sosial uyğunlaşması, dayanıqlı məşğulluğu, ictimai həyata fəal qatılması və gə­lə­cəyə inamıdır.

Uzun illər məcburi köçkün həyatı yaşamış ailələr üçün doğma yurda dönüş həm böyük sevinc, həm də yeni həyat qurmaq məsuliyyətidir. Burada dövlətin sosial siyasəti ilə yerli ic­maların təşəbbüskarlığı, sahibkarlıq fəaliyyəti ilə təhsil, iqtisadi inkişafla mədəni davamlılıq bir-birini tamamlamalıdır. Özəlliklə gənclərin Ağdamda yaşamaq, işləmək, yaratmaq və ailə qurmaq üçün uzunmüddətli imkanlara malik olması strateji önəm daşıyır. – Şəhərin həqiqi dir­çəlişi yeni nəsillərin həmin şəhərdə öz gələcəyini görməsi ilə təmin olunur. O baxımdan Ağ­damın inkişafında yüksəkkeyfiyyətli təhsil, peşə hazırlığı, innovativ sahibkarlıq, yaradıcı sə­nayelər, rəqəmsal xidmətlər və icma əsaslı mədəni təşəbbüslər özəl yer tutmağa layiqdir. Ağ­dam – yeni imkanların yarandığı cazibə mərkəzinə çevrilməliyi haqq edir.

Ağdamın coğrafi mövqeyi, yükdaşıma bağlantıları, sənaye potensialı və mədəni irsi onun gələcəkdə Qarabağın önəmli iqtisadi-mədəni mərkəzlərindən biri kimi inkişafına əlverişli zəmin yaradır; ancaq qarşıdakı mərhələnin uğuru bir sıra strateji məsələlərin ardıcıl çözü­mün­dən asılı olacaq.

İlk növbədə, mina təhlükəsinin aradan qaldırılması, güvənli yaşayış mühitinin yara­dıl­ması, su və torpaq ehtiyatlarının səmərəli idarə olunması, ekoloji tarazlığın qorunması pri­o­ritet olaraq qalmalıdır.

İkinci mühüm istiqamət iqtisadi dayanıqlılıqdır. Dövlət yatırımları ilə yaradılan ilkin inkişaf bazası tədricən özəl sahibkarlığın, yerli istehsalın, xidmət sektorunun və yeni iş yer­lərinin artması ilə möhkəmlənməlidir.

Üçüncü istiqamət şəhərin elmi, mədəni potensialının gücləndirilməsidir. Ağdamda urbanistika, mədəni irsin qorunması, bərpa, ekoloji təhlükəsizlik və sosial reinteqrasiya möv­zularında araşdırmaların aparılması, yerli və beynəlxalq elmi işbirliyinin təşviqi xüsusi önəm kəsb edə bilər.

Dördüncü istiqamət isə ictimai iştirakçılıqdır. Yeni Ağdamın gələcəyinə dair qərarların hazırlanmasında sakinlərin, aydınların, gənclərin, sahibkarların və vətəndaş cəmiyyəti insti­tut­larının fəal iştirakı şəhərin sosial dayanıqlılığını artırır.

Nəhayət, Ağdamın bərpası beynəlxalq miqyasda savaşsonrası dirçəliş təcrübəsi kimi də öyrənilə bilər. Azərbaycanın burada həyata keçirdiyi layihələr yalnız milli əhəmiyyət daşımır; onlar dağıntıya məruz qalmış yaşayış məkanlarının yenidən qurulması, mədəni irsin qorunması və insanların doğma yurda qaytarılması baxımından müqayisəli elmi araşdırmalar üçün də zəngin material verir. Bu təcrübənin beynəlxalq elmi mühitdə sistemli təqdimatı həm bizim quruculuq siyasətimizin daha geniş tanıdılmasına, həm də savaşsonrası bərpa sahəsində bilik, təcrübə alış-verişinə xidmət edə bilər.

Azərbaycanın işğaldan qurtulmuş şəhərlərinin günləri bir-birini tamamlayan böyük mil­li təqvimin tərkib hissəsidir. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, La­çın və digər yurd yerlərimizin qurtuluş günləri ayrı-ayrı tarixlər olsa da, onların hamısını bir­ləşdirən ortaq məna var: milli iradənin zəfəri, tarixi ədalətin bərpası və gələcəyin qurulması! Dünən işğal tarixlərini ağrı ilə anırdıq. Bu gün qurtuluş tarixlərini qürurla vurğulayırıq. Sabah isə həmin şəhərlərin elmi, iqtisadi, mədəni uğurlarını da yeni tarixi mərhələlərin başlanğıcı kimi dəyərləndirəcəyik. – Zəfərin ən böyük mənəvi məsuliyyəti onu davamlı inkişafla möh­kəmləndirməkdir. Ağdam bu məsuliyyətin ən aydın göründüyü ünvanlardandır. Bir zamanlar xarabalıqları ilə dünyanın diqqətini çəkən şəhər indi quruculuq iradəsi ilə tanınır. Dünən dağın­tının miqyasından danışırdıqsa, bu gün bərpanın vüsətindən, sabah isə inkişafın keyfiyyətindən danışmaq daha yaraşıqlı olacaqdır. Ağdamın gələcək şöhrəti yeni binalarının möhtəşəmliyi ilə birgə, orada formalaşacaq insan kapitalı, elmi-mədəni mühit, ictimai həmrəylik və yaşam key­fiyyəti ilə ölçüləcəkdir.

Bəli, Ağdamın ağ günləri başlayıb! Ancaq bu ağ günlərin ən böyük təminatı qurulan şəhəri yaşadacaq milli şüur, vətəndaş məsuliyyəti, yaradıcı əmək və dövlətçilik iradəsidir. Ağ­damın adı ilə yığvalı arasında sanki yeni bir məna körpüsü qurulur: ağ günlərə qovuşan Ağdam! Və bu gün – 20 Noyabrda biz yalnız bir şəhərin qurtuluşunu bayram etmirik; biz yaddaşın öz yurduna qayıdışını, mədəniyyətin öz məkanında yenidən nəfəs almasını, dövlətin öz suveren torpağında gələcək qurmasını bayram edirik. Ağdamın qurtuluşu şanlı tarixdir. Ağdamın dirçəlişi bugünümüzdür. Ağdamın davamlı inkişafı isə gələcək nəsillər qarşısında ortaq mə­su­liyyətimizdir.

Ağ günlərin əbədi olsun, Ağdam!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!