ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə üçtərəfli görüşü Vaşinqton üçün gözlənilən nəticələri verməyib. Sammitdə enerji əməkdaşlığı ilə bağlı ümumi bəyanatlar səslənsə də, Ukrayna müharibəsi və İranla bağlı konkret razılaşmalar əldə olunmayıb. Görüşdən daha çox siyasi dividendlə ayrılan tərəfin Çin və Rusiya olduğu bildirilir.
Modern.az-a açıqlamasında amerikalı politoloq İrina Tsarukman bildirib ki, Prezident Donald Tramp görüşə həm İranla müharibənin, həm də onun iqtisadi nəticələrinin yaratdığı ciddi təzyiq altında gedib:
"ABŞ Prezidenti Ukrayna müharibəsinin dayandırılması ilə bağlı dəfələrlə verdiyi vədlər fonunda bu istiqamətdə də irəliləyiş əldə etdiyini göstərməyə çalışırdı. Putin və Si Cinpin Vaşinqtonun üzləşdiyi çətinlikləri anlayır və güzəştə getmək üçün ciddi səbəb görmürdülər. Birgə bəyanatda enerji sahəsində əməkdaşlığa dair ümumi vədlər yer alsa da, nə Rusiya, nə də Çin Trampın qarşılaşdığı təcili problemlərin həllinə kömək edəcək konkret öhdəliklər götürdü”.
Politoloq hesab edir ki, görüşdən ən çox faydalanan tərəflərdən biri Çin olub. Onun fikrincə, Si Cinpin sammitə ev sahibliyi etməklə Vaşinqtonun Pekinlə əməkdaşlığa ehtiyac duyduğunu nümayiş etdirmək imkanı qazanıb:
“Pekin Tayvan məsələsində heç bir güzəştə getmədi və Rusiyanın Ukraynadakı davranışını dəyişdirmək üçün üzərinə hər hansı məsuliyyət götürmədi. Çin həmçinin İranla münasibətlərini qoruyub saxladı ki, bu da Pekinə regiondakı proseslərə əhəmiyyətli təsir imkanları verir. Si Cinpin Tramp ilə danışıqları davam etdirməklə yanaşı, ABŞ-ın maraqlarına meydan oxuyan ölkələrlə əməkdaşlığını da davam etdirə bilər”.
İ.Tsarukmanın fikrincə, Putin də sammitdən ciddi siyasi üstünlüklə ayrılıb. Belə ki, Rusiya lideri Ukrayna ilə bağlı mövqeyini dəyişmədən beynəlxalq səviyyədə tanınmaq və ABŞ Prezidenti ilə bərabərhüquqlu tərəfdaş kimi müzakirələr aparmaq imkanı əldə edib:
“Rusiya hərbi qüvvələrinin Ukraynada əməliyyatları davam etdirdiyi bir vaxtda Tramp Putini beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsində bərabərhüquqlu tərəfdaş kimi qəbul etdi. Birgə bəyanatda dövlət rəsmilərinin beynəlxalq təqiblərdən qorunmasına dair müddəalar da Putinin maraqlarına xidmət edir. Çünki Beynəlxalq Cinayət Məhkəməsi onun barəsində həbs qərarı çıxarıb. Moskva atəşkəslə razılaşmadı və işğal etdiyi Ukrayna ərazilərindən geri çəkilmək öhdəliyi götürmədi”.
Politoloq vurğulayıb ki, Tramp sammiti diplomatik uğur kimi təqdim etsə də, əldə olunan nəticələr onun konkret fikirlər söyləməsinə imkan vermir. Xüsusilə Ukrayna müharibəsinin dayandırılması ilə bağlı vədlərin reallaşmaması ABŞ Prezidentinin siyasi etibarlılığı baxımından problem yaradır:
“O, Putinlə şəxsi münasibətlərinin Ukraynadakı müharibənin başa çatmasına kömək edəcəyinə söz vermişdi. Ancaq Moskva danışıqlarda iştirak etdiyi halda hərbi əməliyyatları davam etdirir. Trampın İran məsələsində də Çinin əməkdaşlığına ehtiyacı var. Lakin Si Cinpin Vaşinqtonun Tehranla qarşıdurmanın doğurduğu nəticələrdən çıxmasına kömək etmək üçün güzəştlər qazanmadan hərəkət etməkdə maraqlı deyil”.
İ.Tsarukman Ukrayna məsələsində hər hansı razılaşmanın əldə olunmamasını sammitin ən ciddi nəticəsizliyi kimi qiymətləndirib. Onun sözlərinə görə, Putin müharibəni müzakirə etsə də, Ukrayna yekun bəyanatda yer almayıb, atəşkəs təklifi irəli sürülməyib və gələcək danışıqlar üçün vaxt cədvəli müəyyənləşdirilməyib:
“Putin döyüşlərin başa çatmasına yaxınlaşdıracaq heç bir güzəştə getmədən özünü yenidən böyük beynəlxalq lider kimi təqdim etmək imkanı qazandı”.
Politoloq hesab edir ki, görüşün nəticələri Avropa ölkələrinin narahatlığını da artırıb:
"Çünki Avropa dövlətləri Ukraynaya dəstəyi davam etdirdiyi halda, Tramp Putin və Si Cinpinlə birbaşa danışıqlar aparır. ABŞ-nin Ukraynaya hərbi yardım və Rusiyaya qarşı sanksiyalarla bağlı mümkün güzəştləri Avropanın təhlükəsizlik maraqlarına birbaşa təsir göstərə bilər. Əgər Vaşinqton belə qərarları Kiyev və Avropadakı müttəfiqləri ilə məsləhətləşmədən qəbul edərsə, Tramp əlavə müqavimətlə üzləşəcək. Çünki gələcəkdə əldə olunacaq hər hansı razılaşmanın həyata keçirilməsi üçün həmin hökumətlərin əməkdaşlığı yenə də zəruri olacaq”.