Sığortaedənlərin sayı bir ildə 98 minə yaxın artıb

2026-cı ilin oktyabr ayının sonuna Azərbaycanda fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 2 milyon 296 min 435 olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 97,6 min vahid və ya 4,4% çoxdur. Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, 2025-ci ilin oktyabr ayının sonunda bu göstərici təxminən 2 milyon 198 min 800 olub.

Sığortaedənlərin ümumi sayı artsa da, ilin ilk on ayında artım tempi zəifləyib. 2026-cı ilin yanvar–oktyabr aylarında sığortaedənlərin sayı ilin əvvəli ilə müqayisədə 81 min 490 vahid və ya 3,68% artıb. 2025-ci ilin eyni dövründə isə artım təxminən 83 min 900 vahid və ya 3,97% olub. Beləliklə, on aylıq artım ötən illə müqayisədə təxminən 2 min 400 vahid azalıb.

Bu il artımın 80,7%-i fiziki şəxslərin payına düşüb. Bu kateqoriya üzrə sığortaedənlərin sayı 65 min 757 vahid artıb. Ötən ilin eyni dövründə artım 66 min 900 vahid olub. Hüquqi şəxslər üzrə artım 13 min 300-dən 11 min 621 vahidə enib, torpaq mülkiyyətçiləri üzrə isə 3 min 700-dən 4 min 112 vahidə yüksəlib.