Fərid Şahbazlı: Kiberhücumlar informasiya təhlükəsizliyinin yeni və daha mürəkkəb mərhələsini formalaşdırır

“Son həftələrdə müxtəlif ölkələrdə media qurumlarına, rəqəmsal platformalara, dövlət rəhbərlərinin kommunikasiya kanallarına və ictimai əhəmiyyətli informasiya resurslarına qarşı qeydə alınan kiberhücumlar informasiya təhlükəsizliyinin yeni risklərini gündəmə gətirib. Bu hadisələr göstərir ki, kiber müdaxilələrin məqsədi artıq yalnız məlumat əldə etmək və ya sistemlərin fəaliyyətini dayandırmaq deyil. Bəzi hallarda hücumlar etibarlı informasiya mənbələrinin adından saxta məlumat yaymaq, ictimai çaşqınlıq yaratmaq və auditoriyanın mediaya, rəsmi mənbələrə olan inamını sarsıtmaq üçün də istifadə olunur”.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Şahbazlı açıqlamasında bildirib ki, rəqəmsal mühitdə baş verən bu proseslər media təhlükəsizliyinə yanaşmanın yenilənməsini zəruri edir. Onun sözlərinə görə, informasiya resursunun texniki infrastrukturuna müdaxilə və həmin resursun adından saxta məzmunun yayılması kiberhücumu təkcə texnoloji insident deyil, həm də informasiya təsiri vasitəsinə çevirir. Xüsusilə media qurumlarının, dövlət rəhbərlərinin və dövlət təsisatlarının rəqəmsal kommunikasiya kanallarının hədəfə alınması bu məsələnin ictimai və institusional əhəmiyyətini daha da artırır.

Noyabr ayının əvvəlində Ukraynada “Air Alert” xəbərdarlıq tətbiqinə müdaxilə nəticəsində Kiyev sakinlərinə radiasiya təhlükəsi və kimyəvi hücum barədə saxta bildirişlər göndərilib. Eyni dövrdə “The Kyiv Independent” nəşrinin sisteminə müdaxilə edilərək dörd saxta elektron məktub göndərilib, onlardan birində Prezident Volodimir Zelenski ilə bağlı nüvə təhdidi barədə yalan məlumat yer alıb. Bu hadisələr göstərir ki, kiberhücumlar yalnız informasiya sistemlərinin fəaliyyətinə deyil, cəmiyyətin təhlükəsizlik hissinə və ictimai davranışına da təsir göstərə bilər.

Ayın ikinci həftəsində Belarusun “ActiveCloud” bulud xidmətinə qarşı ransomware hücumu nəticəsində infrastrukturun bir hissəsi şifrələnib, internet resursları və elektron poçt xidmətlərində fasilələr yaranıb. Zərər çəkənlər arasında “Smartpress” media qurumu da olub, lakin şirkət müştəri məlumatlarının oğurlanmasına dair sübut aşkarlanmadığını açıqlayıb. Bu nümunə media qurumlarının öz texniki infrastrukturlarından əlavə, istifadə etdikləri bulud və digər kənar xidmətlərin təhlükəsizliyindən də asılı olduğunu göstərir.

Noyabrın ortalarında “Optimizely” platformasındakı təhlükəsizlik boşluğundan istifadə edilərək 178 təşkilatın internet resurslarına zərərli JavaScript kodu ötürülüb. “Report URI” tədqiqatçısı Skott Helmin araşdırmasına əsasən, 1611 skriptin 188-də zərərli kod aşkarlanıb. Təsirə məruz qalanlar arasında BBC, CNN, Zoom, Salesforce, GitLab, IKEA və HSBC kimi tanınmış təşkilatlar da olub. Bu hadisə üçüncü tərəf texnoloji platformalarındakı təhlükəsizlik boşluqlarının genişmiqyaslı risklər yarada biləcəyini nümayiş etdirir.

Fərid Şahbazlı qeyd edib ki, bu hadisələrin ortaq xüsusiyyəti rəqəmsal ekosistemdə etibarlı hesab edilən kanalların hücum vasitəsinə çevrilməsidir. Xüsusilə üçüncü tərəf texnoloji xidmətlərindən istifadə edən media qurumları yalnız öz serverlərinin deyil, inteqrasiya etdikləri platformaların, kontent idarəetmə sistemlərinin və elektron poçt xidmətlərinin də təhlükəsizliyini nəzərə almalıdırlar. Mütəmadi kibertəhlükəsizlik auditi, çoxfaktorlu autentifikasiya, giriş hüquqlarının məhdudlaşdırılması, ehtiyat nüsxələrin yaradılması və insidentlərə operativ reaksiya mexanizmləri media təşkilatları üçün standart təhlükəsizlik tələblərinə çevrilməlidir.

Şahbazlı bildirib ki, qeydə alınan kiberinsidentlər media təhlükəsizliyinin qlobal problemə çevrildiyini göstərir. Bu baxımdan kibertəhlükəsizlik sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, qabaqlayıcı tədbirlərin gücləndirilməsi və media subyektləri arasında məlumat mübadiləsinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Media qurumları yalnız öz texniki sistemlərinin qorunmasına deyil, həm də istifadə etdikləri bütün rəqəmsal xidmətlərin təhlükəsizliyinə kompleks yanaşmalıdırlar.

Onun sözlərinə görə, media qurumları üçün yalnız kiberhücumların qarşısının alınması deyil, belə hallar baş verdikdən sonra informasiya axınının etibarlı şəkildə davam etdirilməsi də strateji əhəmiyyət daşıyır. Bu məqsədlə alternativ kommunikasiya kanallarının, müstəqil ehtiyat nüsxələrinin və böhran vəziyyətində ictimaiyyətə operativ məlumat vermək üçün əvvəlcədən hazırlanmış mexanizmlərin olması vacibdir. Eyni zamanda, media qurumları kiberinsidentlər zamanı rəsmi və təsdiqlənmiş məlumatların operativ yayılmasına xüsusi diqqət yetirməli, auditoriya isə xəbərdarlıq və məlumatları paylaşmazdan əvvəl onların ilkin mənbəyini yoxlamalıdır.

Fərid Şahbazlı Azərbaycanın da informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində institusional və hüquqi mexanizmlərin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirdiyini vurğulayıb. 2023–2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyası çərçivəsində milli kibertəhlükəsizlik potensialının artırılması, kritik informasiya infrastrukturunun mühafizəsi, kiberhücumların aşkarlanması və qarşısının alınması, eləcə də dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi istiqamətində işlər aparılır.

Bu istiqamətdə Medianın İnkişafı Agentliyi də saxta xəbərlərə və dezinformasiyaya qarşı əlaqələndirilmiş mübarizənin gücləndirilməsində mühüm rol oynayır. Agentlik media subyektləri, jurnalistlər və aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində faktların yoxlanılması mədəniyyətinin təşviqi, media savadlılığının artırılması və ictimaiyyətin yanlış informasiyadan qorunması istiqamətində fəaliyyət göstərir. Bu cür əməkdaşlıq dezinformasiyaya qarşı mübarizənin yalnız ayrı-ayrı media qurumlarının deyil, bütövlükdə informasiya ekosisteminin ortaq məsuliyyəti olduğunu göstərir.

“Media qurumunun rəqəmsal təhlükəsizliyi onun redaksiya müstəqilliyi, peşəkar nüfuzu və auditoriya ilə etibarlı münasibətinin qorunmasının bir hissəsidir. Bir media resursunun adından yayılan saxta məlumat həmin qurumun illərlə formalaşdırdığı etimad mühitinə zərbə vura bilər. Buna görə də kibertəhlükəsizlik artıq yalnız İT mütəxəssislərinin məsuliyyəti deyil, media rəhbərliyinin, redaksiya siyasətinin və ümumi informasiya təhlükəsizliyi yanaşmasının ayrılmaz tərkib hissəsi olmalıdır”, – deyə Fərid Şahbazlı vurğulayıb.