Ukrayna üçün kritik saatlar

Yaxın bir saat ərzində Ukraynaya 60-dək qanadlı raketlə zərbə endirilə bilər.

Bu barədə Ukraynanın UNİAN nəşri monitorinq resurslarına istinadla özünün “Telegram” kanalında məlumat yayıb.

Bildirilib ki, qanadlı raketlər "Tu-160" təyyarələrindən buraxılıb. Həmçinin, səmada 12 bombardmançının fəaliyyət göstərdiyi bildirilib. Bunlar Ukrayna tərəfinin məlumatlarıdır, Rusiya Müdafiə Nazirliyi isə bu informasiyanı təsdiqləməyib.

Noyabrın 20-nə keçən gecə Ukraynanın paytaxtı və bir sıra regionları artıq kombinə edilmiş hava hücumuna məruz qalıb. Monitorinq kanallarının və yerli hakimiyyət orqanlarının məlumatına görə, hücum zamanı ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə olunub.

Bakı vaxtı ilə saat 03:15 radələrində Kiyevdə ilk partlayış səsləri eşidilib. İlkin məlumata görə, Ukrayna paytaxtındakı obyektlərə “İsgəndər-M” kompleksi ilə azı beş ballistik raket buraxılıb. Bununla eyni vaxtda Krivoy Roq da pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Kiyevin meri Vitali Kliçko şəhərin Podolsk rayonuna mərmilərin düşdüyünü təsdiqləyib. Onun sözlərinə görə, körpülərdən birinin yaxınlığında açıq əraziyə zərbə endirildiyi qeydə alınıb, həmçinin qeyri-yaşayış binasında yanğın baş verib.