Bakı, 20 noyabr, AZƏRTAC ABŞ-də çip istehsalçısı “Nvidia” şirkətinin yarımkeçirici texnologiyalarının Çinin əlinə keçib-keçmədiyini müəyyənləşdirmək məqsədilə araşdırmaya başlanılıb. Bu addım şirkətin keçmiş baş icraçı direktoru Censen Huanqın casusluqda şübhəli bilinən çinli iş adamı ilə əlaqələrinin olması barədə iddialardan sonra atılıb.AZƏRTAC “CBS News” telekanalına istinadla xəbər verir ki, Kaliforniyanın baş prokuroru Rob Bonta jurnalistlərə açıqlamasında “Nvidia” şirkəti barəsində araşdırma aparıldığını təsdiqləyib. O bildirib ki, araşdırma çərçivəsində şirkətin yarımkeçirici texnologiyalarının Çinin əlinə keçib-keçmədiyi yoxlanılır.Rob Bonta şirkətin qabaqcıl çiplərinin və ya məxfi məlumatlarının Çinə ötürülməsi ehtimalının da araşdırıldığını bildirib: “Nvidia” və onun keçmiş rəhbərinin davranışları şirkətin investorları yanıltmış ola biləcəyi ehtimalı da daxil olmaqla, ciddi narahatlıq doğuran məqamlar yaradır. “Nvidia” mürəkkəb və beynəlxalq miqyaslı vəziyyətlə üzləşib”.Baş prokuror vurğulayıb ki, araşdırmanın məqsədi şirkətin investorları və ictimaiyyəti yanıltmağa yol verib-vermədiyini, eləcə də fəaliyyətinin ştat qanunlarını pozub-pozmadığını müəyyənləşdirməkdir: “Şirkətlər haqqında qanunvericiliyimizin əsas prinsipi olduqca aydındır: şirkətlər investorlarını yanılda bilməzlər”.“Nvidia”nın Direktorlar Şurası noyabrın 8-də Censen Huanqın xarici kəşfiyyat fəaliyyətlərinin hədəfinə çevrilməsi ilə bağlı məlumatlardan sonra müstəqil araşdırmaya başlanıldığını açıqlamışdı. Araşdırmaya Huanqın Pekin hakimiyyətinə məlumat ötürməkdə şübhəli bilinən çinli iş adamı Elis Huan ilə yaxın münasibətlərinin olması barədə xəbərlər səbəb olub.Noyabrın 12-də “Nvidia” şirkəti Huanqın direktorlar şurasının sədri, baş icraçı direktor və şura üzvü vəzifələrindən ayrıldığını, maliyyə direktoru Kolet Kressin isə müvəqqəti CEO təyin edildiyini açıqlayıb.“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask da daxil olmaqla, bir sıra texnologiya şirkətlərinin rəhbərləri Huanın vəzifəsinə qayıtması üçün başladılan imza kampaniyasına dəstək veriblər.“Censenlə həmrəylik” adı ilə başladılan kampaniyada 190 mindən çox imza toplanıb.