Ağdam, 20 noyabr, AZƏRTAC Ağdam Şəhəri Günü çərçivəsində “ASAN xidmət”in “Bilim Azərbaycan” layihəsi tərəfindən şagirdlər üçün elm və texnologiya sahəsində müxtəlif maarifləndirici fəaliyyətlər təşkil olunub.“Bilim Azərbaycan” layihəsinin rəhbəri Enes Kiraz AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, layihənin əsas məqsədlərindən biri elmi, texnologiyanı və təhsili Bakı ilə yanaşı, Azərbaycanın digər bölgələrində də yaymaqdır.Layihə rəhbərinin sözlərinə görə, hazırda Bakıda və Qubada iki bilim mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdə şagirdlər üçün uzunmüddətli texnologiya təhsilləri təşkil olunur, müxtəlif yarışmalar keçirilir. Ağdamdakı tədbir zamanı da şagirdlər bilim mərkəzlərinə dəvət ediliblər.Enes Kiraz bildirib ki, “Bilim hər yerdə” layihəsi çərçivəsində tədbirlər davam etdiriləcək. Növbəti həftə Kəlbəcər rayonunun məktəblərindən birində şagirdlər üçün təlimlər keçiriləcək.O vurğulayıb ki, əsas hədəf yeni bilim mərkəzləri yaratmaqla, uşaqlar və gənclər arasında elmə və texnologiyaya marağı artırmaq, bu sahədə bilikləri daha geniş yaymaqdır. Müxbir - Tahir Ağaməmmədov