TRIPP layihəsinin ilkin texniki-iqtisadi əsaslandırması Ermənistan hökumətinə təqdim edildi

ABŞ-nin "AECOM" şirkəti Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryana və dövlət idarəetmə orqanlarının nümayəndələrinə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP, Zəngəzur dəhlizi) layihəsi üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın nəticələrini təqdim edib.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Hökumətdə keçirilən görüşdə dəmir yolu, enerji və avtomobil yolları infrastrukturunun, eləcə də rabitə xətlərinin funksional imkanlarına dair ilkin təhlillər diqqətə çatdırılıb. Bundan əlavə, texniki-iqtisadi əsaslandırmanın növbəti mərhələlərinin hazırlanması ilə bağlı bir sıra təşkilati məsələlər müzakirə olunub.

Qeyd edək ki, cari il ərzində "AECOM" şirkətinin nümayəndələri TRIPP layihəsi çərçivəsində infrastrukturun qurulacağı Ermənistanın Mehri bölgəsinə bir neçə dəfə səfər ediblər.