Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun son döyüşündən əvvəl öz əlləri ilə topladığı şəfalı bitkilər Azərbaycan Tibb Universitetində (ATU) elmi-tədqiqata cəlb olunub. Generalın ailəsinə sevgisinin, doğma torpağa bağlılığının və təbiətə bələdliyinin izlərini daşıyan bu bitkilərin araşdırılması isə olduqca təsirli tarixçəyə malikdir.
Bu barədə universitetdən Modern.az-a məlumat verilib.
Generalın əllərindən ATU laboratoriyasına qədər yol alan bitkilər
1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində dünyaya göz açan Polad Həşimov uşaqlıqdan təbiətə, dağlara, bitkilərə yaxından bələd olub. Doğma torpağın hər qarışını sevən generalın bu bağlılığı ailəsi üçün etdiyi kiçik, lakin mənalı bir hərəkətdə də özünü göstərib.
Həyat yoldaşı Ofeliya xanımın sözlərinə görə, Polad Həşimov sonuncu döyüşünə yollanmazdan əvvəl ailəsinin sağlamlığı üçün xidmət etdiyi yüksəkliklərdən müxtəlif müalicəvi bitkilər toplayıb.
O zaman bəlkə də heç kimin ağlına gəlməzdi ki, həmin bitkilər illər sonra elmi araşdırmanın mövzusuna çevriləcək, generalın təbiətdən topladığı bu kiçik əmanət universitet laboratoriyalarında tədqiq olunacaq.
Ofeliya xanım həmin bitkilərin növləri və müalicəvi xüsusiyyətləri barədə elmi məlumat əldə etmək istəyirdi. Bu missiyanı məhz Azərbaycan Tibb Universiteti öz üzərinə götürdü.
Beləliklə, Polad Həşimovun öz əlləri ilə topladığı bitkilərin elmi kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara start verildi.
Generalın topladığı bitkilər alimlərin diqqətində
Tədqiqatın sistematik şəkildə aparılması üçün şəhid generalın qızı, ATU-nun I Müalicə-profilaktika fakültəsinin VI kurs tələbəsi Aybəniz Həşimovaya müraciət olundu.
Araşdırma nəticəsində generalın topladığı bitkilərin növləri, farmakoloji xüsusiyyətləri və ənənəvi təbabətdə istifadə istiqamətləri müəyyənləşdirildi:
- Cökə (Tilia) və adaçayı (Salvia) – ənənəvi olaraq tənəffüs yolları ilə bağlı şikayətlərdə istifadə olunan, iltihabəleyhinə və antiseptik xüsusiyyətləri ilə tanınan bitkilərdir.
- İtburnu (Rosa canina) – C vitamini və digər bioloji aktiv maddələrlə zənginliyi ilə seçilir.
- Andız (Inula helenium) – ənənəvi təbabətdə bəlğəmgətirici vasitə kimi tanınır.
- Qaraqınıq (Origanum) və razyana (Foeniculum) – həzm sisteminə təsirləri və ənənəvi istifadəsi ilə diqqət çəkir.
- Güllücə (Centaurea) və qatırquyruğu (Equisetum) – xalq təbabətində müxtəlif məqsədlərlə, o cümlədən sidik-ifrazat sistemi ilə bağlı istifadəsi ilə tanınır.
Generalın seçdiyi bitkilərin müxtəlif ənənəvi istifadə sahələrinə malik olması tədqiqatın maraqlı məqamlarından biridir. Bununla belə, onların konkret müalicəvi effektivliyinin təsdiqi üçün əlavə farmakoloji və klinik araşdırmalar da tələb olunur.