"1-ci katib olmaq üçün mübarizə aparan Həsən Həsənov meydandakı tribunada çox məmnun vəziyyətdə durmuşdu..."

"Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Fuad Musayev Nemət Pənahlını həbs edirdi, az sonra isə Vəzirov göstəriş verirdi ki, onu azad etsinlər..."

Zərdüşt Əlizadə: “Meydandakı hərəkatı müxtəlif mafioz qüvvələr Azərbaycanın ümumxalq sərvətlərini ələ keçirmək üçün idarə edirdi...”

1988-ci il noyabrın 17-də Bakıda, o vaxt Lenin meydanı adlanan indiki Azadlıq meydanında başlayan mitinqlər Azərbaycan tarixinin ən mühüm və eyni zamanda ən çox mübahisə doğuran hadisələrindən biri hesab olunur. Sonradan ilk günü -17 noyabr tarixi Milli Dirçəliş Günü kimi rəsmiləşdirilən bu hadisələrin necə və kimlər tərəfindən təşkil edilməsi ətrafında müzakirələr bu gün də səngimək bilmir. Meydan hərəkatının başlanğıcında xalqın kortəbii etirazının, yoxsa müəyyən siyasi qüvvələrin məqsədyönlü təşkilatçılığının əsas rol oynaması ilə bağlı müxtəlif fikirlər mövcuddur.

Həmin günlərdə Azərbaycan Xalq Cəbhəsi Müvəqqəti Təşəbbüs Mərkəzinin rəhbərlərindən biri olmuş, keçmiş ASDP sədri Zərdüşt Əlizadə isə baş verən proseslərə fərqli siyasi qiymət verir.

O, Moderator.az-a müsahibəsində ilk mitinqin təşkilatçıları, Topxana hadisələri ətrafında yaradılmış ictimai ajiotaj, Meydan hərəkatının idarə olunmasında iştirak etdiyini düşündüyü siyasi qüvvələr və o dövrün hakimiyyət daxilindəki ziddiyyətləri barədə danışıb.

(Əvvəli burada: )

– Zərdüşt bəy, onda sizin dediklərinizdən belə nəticə çıxır ki, ümumxalq hərəkatının təşkilində o vaxtkı xüsusi xidmət orqanları, o cümlədən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK- "KQB") Azərbaycandakı strukturları da iştirak edirdi?

– Xüsusi xidmət orqanları, partiya mafiyası... Həm "KQB", həm də partiya mafiyası. Mərkəz, yəni Moskva da bunda maraqlı idi. Çünki bu cür hərəkatlar və proseslər əslində mövcud sovet quruluşunun dağıdılmasına xidmət edirdi. Onların da məqsədi SSRİ-ni dağıtmaq idi. Qorbaçovun siyasəti də buna xidmət edirdi...

-Axı, mitinqin ilk günü milis bir neçə yerdə – məsələn, o vaxtkı “Moskva” mehmanxanası ilə parlament binasının arasında, eləcə də Sabir bağında Azadlıq meydanına doğru hərəkət edən kütlələrin qarşısını kəsməyə çalışmış, bir neçə nəfərə, o cümlədən Ənvər Əliyevin özünə xəsarət yetirmişdi. Əgər Mərkəzi Komitə və DTK hərəkatın başlanmasında maraqlı idisə, bu müdaxilələri necə izah etmək olar? Bunlar ictimaiyyətin gözündə başqa görüntü yaratmaq, yəni gözdən pərdə asmaq məqsədi daşıyırdı?

– Bəli, milis bəzi yerlərdə müəyyən qədər müqavimət göstərmişdi. Məsələ ondadır ki, o vaxt respublika milisinin bir hissəsi rəsmi hakimiyyətə tabe idi, digər hissəsi isə partmafiya ilə əlbir fəaliyyət göstərirdi. İkinci hissənin rəhbərləri yerlərdə milislərə göstəriş verirdilər ki, mitinqçi gənclərə toxunmasınlar, meydana getmələrinə mane olmasınlar. Deyirdilər ki, qoy uşaqlar meydana getsinlər, onlar Vətənin müdafiəsi üçün gedirlər...

Təəssüf ki, nə qədər qəribə olsa da, özünü Vətənin, Qarabağın müdafiəçisi kimi göstərən bəzi təşkilatçılar və fəallar əslində həmin partmafiyanın və özlərinin çirkin, karyerist məqsədlərinə xidmət edirdilər. Guya Nemət Pənahlı Vətən, Qarabağ naminə meydana gəlmişdi? O, pul yığırdı, partiya mafiyasının tapşırıqlarını yerinə yetirirdi. Sadəcə, agent idi...

– “İkinci respublikanın sonu” adlı kitabınızda da yazırsınız ki, mitinqlərin ikinci günü – noyabrın 18-də axşam Ənvər Əliyevin kimlərinsə zor gücünə meydandan qovulduğunu, daha sonra dövlət orqanları tərəfindən həbs edildiyini eşitmisiniz. Üçüncü gün isə meydanın cilovu artıq Nemət Pənahlının əlinə keçmişdi. Belə çıxır ki, Ənvər Əliyev partmafiyanın ssenarisinə daxil deyildi- onun millətsevərliyindən, səmimiliyindən sadəcə iki gün istifadə edərək xalq kütlələrini meydana topladılar, sonra isə zor gücünə kənarlaşdırıb meydanın idarəçiliyini öz adamları Nemət Pənahlıya verdilər? Yoxsa bu hərəkatı təşkil və idarə etmək istəyən iki ayrı qüvvə var idi və Pənahlının arxasında dayananlar daha güclü çıxdı?..

– Elədir... SSRİ-nin süqutu ərəfəsində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş və o vaxtkı rəhbər şəxslərindən ibarət partmafiyanın müxtəlif qolları mövcud idi. Onlardan birinin başında Əbdürrəhman Vəzirovun birinci katib olduğu dövrdə, eləcə də 1988-ci ilin payızında – yəni meydanda mitinqlərin keçirildiyi vaxt Mərkəzi Komitənin iqtisadiyyat, sənaye, kənd təsərrüfatı və digər sahələr üzrə katibi olan Həsən Həsənov dururdu. Vəzifəsinin o qədər də yüksək olmamasına baxmayaraq, həmin dövrdə o, proseslərə çox fəal şəkildə müdaxilə edə bilirdi.

İkinci qüvvə isə illər öncə yüksək vəzifələrdə olmuş, yenidən hakimiyyətə qayıtmaq üçün fürsət gözləyən məlum digər şəxslər idi. Onların da nəzarətində Bakıda və bölgələrdə xeyli vəzifəli şəxs, o cümlədən öz yetirmələri var idi...

– Maraqlıdır ki, Nemət Pənahlı sonrakı günlər Sabir Rüstəmxanlını da “KQB” agenti damğası ilə meydandan kənarlaşdırmağa çalışırdı. Hətta sonralar Əbülfəz bəy, İsa Qəmbər və digərləri ilə də onun arasında ziddiyyətlər yarandı. Meydan hərəkatını davam etdirmək üçün pul vəsaiti də iki ayrı yerdə toplanırdı: biri Nemətin çadırında, digəri isə bir neçə fəalın yaratdığı Nümayiş Komitəsində. Bu da sübut edir ki, meydanda neçə qüvvə var idi?

– Bəli, bütün bunlar ötən söhbətimizdə də dediyim bir məqamı təsdiqləyir: müxtəlif mafioz qüvvələr meydanda cəmləşmiş bu hərəkat vasitəsilə Azərbaycanın ümumxalq sərvətlərini talamaq üçün hakimiyyətə yiyələnməyi qarşılarına məqsəd qoymuşdular.

Naxçıvanlı bir dostum mənə maraqlı bir hadisə danışmışdı. Deyirdi ki, həmin mitinqlərin ilk günlərində qardaşım Naxçıvandan gəlmişdi, onunla birlikdə meydana getdik. Bir də gördük ki, Naxçıvanda “Kamil kirvə” kimi tanınan, siyasətdən tamamilə uzaq, daim varlıların və vəzifəli şəxslərin qulluğunda dayanmağı özünə borc bilən bir adam dispetçer kimi dayanıb, meydana gətirilən ərzaqları bölüşdürür.

Deyir, yaxınlaşıb ondan soruşduq:

– Ay Kamil kirvə, sən hara, bura hara? Burada camaat "azadlıq", "demokratiya", "Qarabağ" deyə qışqırır...

O isə belə cavab verdi:

– Əşşi, nə bilim, yuxarıdan mənə tapşırıblar ki, filan saata qədər burada dayanıb yemək-içməyin camaat arasında bölüşdürülməsinə nəzarət edim. Sonra da məni filankəs əvəz edəcək...

Yəni bütün deyilənlər, müşahidələr göstərir ki, həmin günlərdə meydan mütəşəkkil şəkildə konkret qüvvələr tərəfindən idarə olunurdu. Ona görə də sadəcə xalq kütlələrinin meydana toplaşmasını “xalq istədi, ayağa qalxdı, tələb etdi” şəklində, başqa sözlə, bilavasitə xalq hərəkatı kimi təqdim etmək doğru deyil...

– Kitabınızda onu da vurğulayırsınız ki, mitinqlərin dördüncü günü Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katiblərindən biri, o dövrdə birinci katib olmaq üçün bütün varlığı ilə mübarizə aparan Həsən Həsənovu tribunada son dərəcə məmnun vəziyyətdə müşahidə etmisiniz. Yazırsınız ki, o, sanki oğul toyu edən ata kimi sevincindən əllərini bir-birinə sürtür, az qala yerində dingildəyirdi. Bundan belə nəticəyə gəlmək olarmı ki, partnomenklaturanın xalq kütlələrinin meydana axınını təşkil edən əsas fiqurlarından biri Vəzirovu devirərək onun yerinə keçmək istəyən məhz Həsən Həsənov idi? Respublikanın DTK-sına və Daxili İşlər Nazirliyinə nəzarət də əsasən birinci katibin deyil, məhz onun əlində idi?

– Bəli... Həsən Həsənovun Xalq Cəbhəsində öz adamları var idi. Belələrindən biri də ona rəğbət bəsləyən, o dövrdə məşhur qəzetlərdən birinin baş redaktoru olan tanınmış jurnalist idi. O, konkret olaraq Həsən Həsənova işləyirdi. Hətta 20 Yanvar faciəsindən sonra Mərkəzi Komitənin qarşısındakı mitinqdə Vəzirovun vəzifədən uzaqlaşdırılması barədə məlumat gələndə həmin jurnalist xalqa müraciət edərək bildirmişdi ki, gəlin elə edək, respublikanın birinci katibi vəzifəsinə milli düşüncəli bir adam gəlsin. Onun nəzərdə tutduğu şəxs Həsən Həsənov idi...

Sonradan həmin jurnalist bu çıxışına görə Xalq Cəbhəsinin rəhbərliyi tərəfindən sərt tənqid olundu. Çünki orada olanların çoxu Həsən Həsənova deyil, digər tərəfə işləyirdi...

Bundan başqa, o dövrün tanınmış ziyalılarından Bəxtiyar Vahabzadənin və İsmayıl Şıxlının da Həsən Həsənova rəğbəti var idi. Onlar hesab edirdilər ki, rəhbərlikdə milli düşüncəyə müəyyən qədər sahib olan, savadlı və bu keyfiyyətləri ilə seçilən şəxs məhz odur...

– Digər tərəfdən, kitabınızda olduğu kimi, ötən söhbətimizdə də bildirdiniz ki, müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda bu cür hərəkatların təşkilində maraqlı olan, ilk növbədə, SSRİ-ni dağıtmağı qarşısına məqsəd qoymuş Mixail Qorbaçov idi. Bəs respublikanın rəhbəri kimi Vəzirovun bundan xəbəri var idimi? Yoxsa Həsən Həsənov və digərləri proseslərin mahiyyətindən xəbərdar idilər, amma Vəzirovun məlumatı yox idi? Çünki baş verənlərdən belə görünürdü ki, Vəzirov xalqın ayağa qalxmasının, zavod və fabriklərin fəaliyyətinin dayanmasının əleyhinə idi...

– Bəli, Vəzirov mitinqlərin keçirilməsinin, zavod-fabriklərin fəaliyyətinin dayanmasının əleyhinə idi. Çünki o, köhnə sovet adamı idi və Sovet İttifaqının dağılmasını istəmirdi. Arzulayırdı ki, SSRİ olduğu kimi qalsın. Fəqət başa düşmürdü ki, artıq dövran dəyişib və Sovet İttifaqı gurultu ilə tarixin zibilliyinə gedir...

– Yəni belə çıxır ki, Qorbaçovun ssenarisindən Vəzirovun xəbəri yox idi?

– Elədir... Vəzirov sadəcə Moskvadan verilən tapşırıqları yerinə yetirirdi. Məsələn, Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Fuad Musayev Nemət Pənahlını həbs edirdi, az sonra isə Vəzirov göstəriş verirdi ki, onu azad etsinlər. Bu barədə də ona Kremldən göstəriş gəlirdi. Çünki Nemət Pənahlı Azərbaycanda həyata keçirilən ssenarinin reallaşdırılması üçün çox faydalı, lazımlı və dağıdıcı kadr idi...

Əslində, Moskvada da SSRİ-nin mövcudluğunu qoruyub saxlamaq istəyən Yeqor Liqaçov kimi şəxslər var idi. Ancaq Baş katib Qorbaçov və Yakovlev başda olmaqla, əksəriyyət konkret olaraq Sovet İttifaqını dağıtmağa çalışırdı...

(Davamı var)

Qeyd:

Müsahibədə adları çəkilən şəxslərin də mövzu ilə bağlı şərhlərini dinləməyə və mövqelərini oxuculara təqdim etməyə hazırıq.