Qalın və isti ayaqqabı içliklərinin dar ayaqqabılarda istifadəsi ayaqların daha çox üşüməsinə səbəb ola bilər.
Bu barədə Sankt-Peterburqdakı “Bud Zdorov” klinikasının travmatoloqu Aleksey Avdonin “Gazeta.Ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, qalın içliklər dar ayaqqabılara yerləşdirildikdə ayağı sıxır, qan dövranını zəiflədir və nəticədə soyuqluq hissini daha da artırır.
Mütəxəssis qeyd edib ki, yalnız payız fəslinin başlaması isti içlik almaq üçün əsas deyil. Seçim zamanı havanın temperaturu, gəzintinin müddəti və ayaqqabının xüsusiyyətləri nəzərə alınmalıdır. Əsas şərt ayaqların isti və quru qalması, barmaqların sərbəst hərəkət edə bilməsidir.
Onun sözlərinə görə, isti içliklər ayaqqabının alt hissəsindən istilik itkisini azalda bilər. Lakin bu, yay üçün nəzərdə tutulan idman ayaqqabılarını soyuq havaya uyğunlaşdırmır. Ayaqqabının üst hissəsi torlu materialdan hazırlanıbsa, külək və nəmi asanlıqla keçirirsə, əlavə içlik kifayət etməyəcək. Soyuq və yağışlı havalarda uzun müddət gəzmək üçün mövsümə uyğun, sudan qoruyan və isti saxlayan ayaqqabılara üstünlük verilməlidir.
Həkim isti içlikləri istifadə etməzdən əvvəl onları geyinilməsi nəzərdə tutulan corablarla birlikdə yoxlamağı tövsiyə edib. Ayaq barmaqları ayaqqabının ön hissəsinə sıxılmamalı, daban isə yeriyərkən ayaqqabıdan çıxmamalıdır. Bir neçə içliyi üst-üstə qoymaq da məsləhət görülmür.
A.Avdonin uşaqlar üçün ayaqqabı seçərkən düzgün ölçünün xüsusilə vacib olduğunu vurğulayıb. Uşaqların ayaqları böyüdüyündən əvvəllər rahat olan ayaqqabılar qısa müddətdə darala bilər. İçlik əlavə etdikdən sonra uşağın barmaqlarını sərbəst hərəkət etdirə bilməsinə, rahat yeriməsinə və qaçmasına diqqət yetirilməlidir.
Mütəxəssis valideynlərə gəzintidən sonra uşaqların corablarının nəmliyini, ayaqlarında sürtünmə və sıxılma izlərinin olub-olmadığını yoxlamağı da tövsiyə edib.