Tarixən Şərqlə Qərb arasında bağlayıcı halqa rolunu oynayan Azərbaycan bu gün rəqəmsal kommunikasiya dəhlizlərinin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynayır.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Oman Kompüter İnsidentlərinə Reaksiya üzrə Milli Qrupunun (Oman National CERT) baş direktoru, Regional Kibertəhlükəsizlik Mərkəzinin (RCC) rəhbəri, OIC-CERT-in sədri və Oman Dördüncü Sənaye İnqilabı Mərkəzinin (C4IR) rəhbəri Bader Əli Əl-Salehi II Beynəlxalq Kiberdiplomatiya Konfransı çərçivəsində keçirilən “Kiberalyanslar və strateji muxtariyyət: müstəqillik və tərəfdaşlıq arasında balans” adlı panel müzakirəsində çıxışı zamanı bildirib.
“Azərbaycan əsrlər boyu Bakı Şərqlə Qərbin kəsişməsində yerləşib. İpək Yolu dövründən bu günədək Azərbaycan ölkələr arasında mühüm körpü rolunu oynamaqda davam edir. Bu gün biz XXI əsrin rəqəmsal dəhlizlərinin mühafizəsi istiqamətində birgə çalışırıq”, - deyə o qeyd edib.
Əl-Salehi dəvətə, qonaqpərvərliyə və konfransın təşkilinə görə Azərbaycana və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə təşəkkürünü bildirib, bu cür görüşlərin kibertəhlükəsizlik sahəsində beynəlxalq dialoqun inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
O, kiberalyanslar və strateji muxtariyyət məsələlərindən danışarkən qeyd edib ki, rəqəmsal müstəqillik təcrid olunmaq demək deyil. Çünki bu sahədə tam muxtariyyətə nail olmaq texniki baxımdan çətin, iqtisadi baxımdan isə məqsədəuyğun deyil.
Onun sözlərinə görə, strateji muxtariyyət dövlətin müstəqil qərarlar qəbul etmək, texnoloji tərəfdaşlar seçmək və ayrı-ayrı təchizatçıların fəaliyyətində nasazlıqlar yarandığı halda belə, kritik əhəmiyyətli infrastrukturun fasiləsiz fəaliyyətini təmin etmək qabiliyyətini nəzərdə tutur.
O, həmçinin texnoloji tərəfdaşlıqların şaxələndirilməsinin, milli kadr potensialının və kiberinsidentlərə müstəqil reaksiya imkanlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb:
"Bu, dövlətlərə xarici tərəfdaşlardan asılı vəziyyətə düşmək əvəzinə, beynəlxalq kiberalyanslarda bərabərhüquqlu iştirakçı kimi çıxış etməyə imkan verir".
Əl-Salehi əlavə edib ki, kibertəhlükəsizlik sahəsində səmərəli beynəlxalq əməkdaşlıq etimadın, təhdidlər barədə məlumat mübadiləsinin aydın mexanizmlərinin yaradılmasını, həmçinin transsərhəd rəqəmsal əlaqəliliklə milli suverenliyin qorunması arasında balansın təmin edilməsini tələb edir.