Bakıda məşhur mebel mağazasının fəaliyyəti dayandırıldı - FOTO+VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli mebel mağazasının fəaliyyətini dayandırıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən paytaxtın Nizami rayonu, Nəsimi küçəsi, 29B ünvanında fəaliyyət göstərən "İnterturan" mebel mağazasında keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib.

Yoxlama zamanı müəyyən olunub ki, mağazada elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb və obyekt ilkin yanğınsöndürmə vasitələri, daxili yanğın kranları, lülə və atıcı şlanqlarla təmin edilməyib. Həmçinin köçürmə yolları müxtəlif materiallarla tutulub, obyektin daşınmaz əmlakı isə "İcbari sığortalar haqqında" Qanuna uyğun olaraq sığorta olunmayıb.

Qeyd olunub ki, obyektin istismarının davam etdirilməsi orada hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənməsi və faciə ilə nəticələnməsi riskini yaradır. Aşkar edilmiş pozuntularla əlaqədar "İnterturan" mebel mağazasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.