Xəbər verdiyimiz kimi bu günlərdə Azərbaycanda daha bir vəkil həbs edilib. Belə ki, vəkil Elçin Əmirov polis tərəfindən tutulub.
9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq-təkrar törədildikdə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmə qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ötən həftə daha bir vəkil - Raman Abışov həbs edilmişdi. O da hədə-qorxu ilə tələb etməkdə ittiham olunur.
Bir həftə ərzində iki vəkilin eyni cinayət əməliylə ittiham olunması nəyin göstəricisidir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hüquqşünas Ruslan Mustafayev qeyd edib ki, insan faktoru olan yerlərdə nöqsanların da olması labüddür:
“Təsadüfi deyil ki, son zamanlar Vəkillər Kollegiyasının üzvü olan bəzi şəxslər tərəfindən cinayət hesab edilən əməllərin törədilməsi ilə bağlı məlumatlar yayılır. Nəzərə alaq ki, 2018-ci ilə qədər Vəkillər Kollegiyasının üzvlərinin sayı 800-900 arasında dəyişirdi. Lakin son zamanlar bu sahədə aparılan islahatlarla, qanunvericilikdə edilən dəyişikliklərlə əlaqədar vəkillərin sayının artırılması zərurəti yarandı.
Nəticədə təsadüfi adamlar da Vəkillər Kollegiyasının üzvü olmaq imkanı qazandı. Baxmayaraq ki, mütəmadi olaraq Vəkillər Kollegiyası tərəfindən bir neçə mərhələdən ibarət imtahanlar keçirildi. Bunun da əsas hədəfi o idi ki, vəkillərin bilik və bacarığı, həmçinin ictimai davranışı yüksək səviyyədə olsun. Bundan başqa Kollegiyaya yeni üzv olmuş vəkillər mütəmadi olaraq təlimlərə cəlb olundu. Nəticədə Vəkillər Kollegiyasının üzvlərinin sayı 2500 nəfərə çatdırıldı. Təbii ki, say artdıqca neqativ halların da sayı artır”.
Müsahibimiz onu da qeyd edib ki, üzvlərin nümunəvi olması, neqativ hallara yol verməməsi üçün Vəkillər Kollegiyası bütün imkanlardan istifadə edir:
“Vəkil etikası və nümunəvi davranışları ilə bağlı mütəmadi konfranslar, görüşlər keçirilir. Çalışılır ki, vətəndaşlara göstərilən hüquqi xidmətin keyfiyyəti daha yüksək olsun və vəkillik institutu daha böyük nüfuz qazansın. Bununla belə bəzi vəkillərin qanunazidd əməlləri və ağır cinayət törətməkdə ittihan olmaları barədə məlumatlar yayılır. Bu da dərin təəssüf doğurur. Amma bir-iki vəkilin qanunazidd əməli 2500 nəfərlik bir institutun fəaliyyətinə kölgə salmamalıdır və sala da bilməz”.
Surxay Atakişiyev, Bizim.Media