Bakı, 19 noyabr, AZƏRTACYaxın günlərdə özəl tibb müəssisələrində vətəndaşlara icbari tibbi sığorta hesabına xidmət göstərilməsi istiqamətində müraciətlər artıq elektron formada qəbul olunacaq. AZƏRTAC xəbər verir ki, bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev Bakıda keçirilən Dövlət- Biznes Əməkdaşlığı Forumunda "Qurumların fəaliyyəti, işəgötürənlərlə əməkdaşlıq və əmək bazarının aktual məsələləri" adlı panel sessiyada çıxış edərkən deyib. "Özəl tibb müəssisələri Agentliyimiz tərəfindən texniki tapşırığı hazırlanmış və hazırlanmaqda olan icbari tibbi sığorta altsistemi modulu vasitəsilə sistemə daxil olaraq öz hesablarında müraciətləri elektron formada imzalayacaq.Tələb olunan sənədləri daxil etməklə sadəcə bir düyməyə basaraq müraciətlərini formalaşdıra biləcəklər. Agentliyimiz tərəfindən həmin müraciətlər elektron şəkildə qəbul edilməklə dərhal qiymətləndiriləcək, xidmətə, müqavilə bağlanmasına uyğunluq barədə qərar veriləcək. Dərhal da həmin müəssisə müvafiq bildirişi sistem üzərindən alacaq". Müxbir - Günel Türksoy Fotoqraf - Nicat Haşimov Videooperator - Ceyhun Mustafayev