Bakı, 19 noyabr, AZƏRTAC Dünya nizamının transformasiyası şəraitində dövlətin siyasi çəkisi artıq yalnız onun iqtisadi və hərbi potensialı ilə deyil, həm də öz ətrafında beynəlxalq əməkdaşlıq məkanı formalaşdırmaq bacarığı ilə müəyyən olunur. Azərbaycanın son illərdə xarici siyasət sahəsində nümayiş etdirdiyi fəallıq məhz bu kontekstdə qiymətləndirilməlidir. Avropalı tərəfdaşlarla münasibətlərin dinamik inkişafına baxmayaraq, Bakının beynəlxalq gündəliyi daha geniş coğrafiyanı əhatə edir. Mərkəzi Asiya, Türk dünyası, MDB məkanı və İslam dövlətləri ölkəmizin uzunmüddətli strateji maraqlarının reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin xarici siyasətinin prinsipial xüsusiyyətlərindən biri ondan ibarətdir ki, bir geosiyasi istiqamətdə münasibətlərin inkişafı digərləri hesabına baş vermir. Azərbaycan özünü Şərqlə Qərb arasında süni seçim qarşısında qoymur, milli maraqlarını ayrı-ayrı siyasi birliklərin çərçivəsi ilə məhdudlaşdırmır. Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. O bildirib ki, beynəlxalq miqyasda qütbləşmənin dərinləşdiyi bir şəraitdə bu yanaşma dövlətin strateji müstəqilliyini təmin edən ən mühüm amillərdən birinə çevrilir. Bu gün Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri keyfiyyətcə yeni məzmun kəsb edir. 2025-ci ilin noyabrında Daşkənddə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulması barədə qərar qəbul edilib. 2026-cı ilin oktyabrında isə Türkmənbaşı şəhərində Azərbaycanın 2027-ci ildə ilk dəfə bu formata sədrlik edəcəyi açıqlanıb. Bu qərarların siyasi əhəmiyyəti regional platformanın genişləndirilməsi çərçivəsindən xeyli kənara çıxır. Əslində, Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən vahid geosiyasi və geoiqtisadi məkanın formalaşması prosesi başlayır. Əvvəllər daha çox iki region arasında coğrafi sərhəd kimi qəbul edilən Xəzər dənizi onların iqtisadi inteqrasiyasının mühüm həlqəsinə çevrilir. Orta Dəhlizin inkişafı, birgə investisiya fondlarının yaradılması, yaşıl enerji və rəqəmsal kommunikasiya sahələrində layihələrin həyata keçirilməsi iqtisadi maraqların vəhdətinə əsaslanan uzunmüddətli qarşılıqlı asılılıq formalaşdırır. Deputat qeyd edib ki, bu münasibətlər sistemində Türk Dövlətləri Təşkilatı xüsusi yer tutur. Azərbaycan türk xalqlarının tarixi, dil və mədəniyyət birliyinin real siyasi və iqtisadi gücə çevrilməsi istiqamətində ardıcıl siyasət yürüdür. Təşkilatın institusional mexanizmlərinin möhkəmləndirilməsi, təhlükəsizlik, energetika, nəqliyyat və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi türk dünyasının tədricən beynəlxalq siyasətin müstəqil amilinə çevrildiyini göstərir. Azərbaycanın 2027-ci ildə MDB-də həmsədrliyi və 2028-ci ildə ölkəmizin ilk dəfə bu təşkilata sədrlik etməsi də mühüm hadisələr sırasındadır. Bu gün Bakı MDB məkanında dövlətlərin suverenliyinə hörmət, iqtisadi məqsədəuyğunluq və qarşılıqlı maraqlar əsasında praqmatik münasibətlər modelinin formalaşdırılmasında maraqlıdır. İslam dünyası ilə münasibətlərdə də yeni perspektivlər açılır. 2027-ci ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına sədrlik edəcək. Qurumun XVI Zirvə görüşü ölkəmizdə keçiriləcək. 57 dövləti birləşdirən bu təşkilat böyük siyasi, iqtisadi və demoqrafik potensiala malikdir. Sədrlik Azərbaycana beynəlxalq təhlükəsizlik, iqtisadi əməkdaşlıq, mədəniyyətlərarası dialoq və islamofobiya ilə mübarizə sahələrində təşəbbüslərini irəli aparmaq üçün əlavə imkanlar yaradacaq. 2026-cı ilin oktyabrında Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə görüşünün nəticələri də Azərbaycanın diplomatik imkanlarının genişləndiyini göstərir. Azərbaycanın təşkilata sədrliyi 2028-ci ilədək uzadılıb, ölkəmizin nümayəndəsi isə 2026-2030-cu illər üçün qurumun Baş katibi seçilib. S.Fətəliyeva diqqətə çatdırıb ki, Azərbaycanın 2027-2028-ci illər üzrə gündəliyinə bütövlükdə nəzər saldıqda Bakının beynəlxalq münasibətlər sistemindəki rolunun keyfiyyətcə dəyişdiyi aydın görünür. Artıq söhbət təkcə Azərbaycanın diplomatik iştirakının genişlənməsindən deyil, həm də çoxtərəfli əməkdaşlıq gündəliyinin məzmununa təsir göstərmək, yeni əməkdaşlıq formatlarının yaradılması təşəbbüsü ilə çıxış etmək və müxtəlif geosiyasi məkanlara mənsub dövlətlərin maraqlarının uzlaşdırılmasına töhfə vermək imkanlarının əldə olunmasından gedir.