Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın İrəvan meri və paytaxtın problemləri ilə bağlı tənqidinə münasibət bildirib.
Noyabrın 19-da keçirilən brifinqdə tənqidi necə qəbul etməsi ilə bağlı suala cavab olaraq Paşinyan bildirib ki, Akopyanın sözlərini özünə ünvanlanmış tənqid kimi qəbul edir və onun qaldırdığı açıq-aşkar problemlərin həll olunması üçün əlindən gələni edəcək.
Annanın onunla məsləhətləşib-məsləhətləşmədiyi, cütlüyün birlikdə yaşayıb-yaşamadığı (əvvəllər boşandıqları barədə xəbər yayılmışdı) və əgər yaşamırsa, niyə onu dövlət mühafizəsi müşayiət edir sualına Paşinyan cavab verib ki, Akopyan “Kondda” (hökumət iqamətgahı) yaşayır və ictimai fəaliyyətini onunla müzakirə etmir.
“Bu normaldır. O, lazım bildiyi yerdə məsləhətləşir, lazım bilmədiyi yerdə isə etmir. Ermənistan demokratik ölkədir”, - deyə Paşinyan bildirib.