"Avropa Təlim Fondunun hesabatlarında da Azərbaycanda peşə təhsilinin səviyyəsinin dövrün iqtisadi tələblərinin ödənilməsi üçün yetərli olmadığı qeyd olunur..."
"Unutmaq olmaz ki, layihələrin uğuru imzalanan sənəd sayı ilə yox, məzunların işə düzəlmə statistikası ilə ölçülməlidir..."
Azərbaycanda dual peşə təhsilinin inkişafına mane olan əsas amillər arasında özəl sektorun bu prosesə yetərincə inteqrasiya olunmaması və tədris proqramlarının mərkəzdən idarə edilməsi dayanır. Eyni zamanda, neft-qaz sektorundan asılı iqtisadi struktur və peşə təhsilinə qarşı cəmiyyətdə mövcud olan yanlış stereotiplər gənclərin bu sahəyə marağını azaldır.
Azərbaycan Təhsil İnstitutunun doktorantı, tədqiqatçı Kənan Allahverdiyev öz analitik yazısında Almaniya modelini və Gürcüstan, Qazaxıstan, Özbəkistan kimi region ölkələrinin qabaqcıl təcrübəsini Azərbaycanın pilot layihələri ilə müqayisəli şəkildə araşdırır. Müəllif dual sistemin tam gücü ilə işləməməsinin iqtisadi, idarəetmə və sosial səbəblərini əsaslandıraraq, gənclərin erkən məşğulluğuna verəcəyi töhfələri xüsusi vurğulayır.
Moderator.az bu analitik məqaləni dəyərli oxucuların diqqətinə çatdırır:
Almaniyanın bugünkü iqtisadi gücünün səbəbi sadəcə zavodlar yox, eyni zamanda həmin zavodlara usta hazırlayan təhsil sistemidir. Almaniyada peşə təhsilinə böyük maraq və burada təhsil alanların üçdə ikisi dual sistemdə oxuyur. Burada təhsil alan gənclər həftənin bir neçə gününü təhsil müəssisələrində nəzəri biliklərin alınmasına, digər günlərini isə bu bilikləri praktiki olaraq möhkəmlənməsinə həsr edirlər. Beləliklə, təhsil müddətini başa vurmuş gənc ilk işinə başlayanda kifayət qədər istehsalat təcrübəsinə sahib olur. Bu da öz növbəsində, işə götürənin hazır kadr tapmasını asanlaşdırmasına və dövlətin isə işsizlik və kadr keyfiyyəti probleminin aradan qaldırılmasına kömək etdiyindən bir çox ölkələr bu təcrübəni öz təhsil sistemlərinə uyğunlaşdırmaq istəyirlər...
Azərbaycanın qonşuları nə edib?..
Qonşumuz Gürcüstan bu yolda bizdən bir xeyli öndədir. 2013-cü ildən bu ölkə ilə əməkdaşlıq edən Almaniyanın “GİZ” agentliyi 2015-ci ildən bu günədək 16 dual peşə təhsili kursu və 40-dan çox sertifikat proqramı 13 peşə məktəbinin açılmasında iştirak edib. İxtisasların seçilməsi zamanı şərab, turizm və tikinti kimi Gürcüstanın real ehtiyac duyduğu sahələrə öncəlik verilib.
Başlanğıc üçün şərab, turizm və tikinti kimi Gürcüstanın real ehtiyac duyduğu sahələr seçilib. “GIZ” məhz bu üç sektorda dual proqramları dəstəkləyib. Qısası, Gürcüstan hər şeyi birdən deyil, iqtisadiyyat üçün önəmli sahələrdən başlayıb...
Qazaxıstan bu prosesin həyata keçirilməsində işəgötürənlərin təşəbbüsünə əsaslanıb. Ölkədə 2015-ci ildən etibarən alman şirkətlərinin iştirakı ilə 50-dən çox mentor alman metodikası üzrə təlim keçib. Bundan başqa, onlar arasında mexatronika, logistika və davamlı enerji sahələrindəki ixtisasların birgə hazırlanılmasına, bununla da alman şirkətlərinin Qazaxıstana investisiya etməsinə nail olunub...
Özbəkistan isə bu prosesı sürətli və genişmiqyaslı bir şəkildə başlayıb. 2021-2022-ci tədris ilindən tətbiq edilməyə başlayan dual təhsil sistemi üzrə artıq ölkədə 234 dual peşə təhsili proqramını həyata keçirməkdə olan peşə təhsili müəssisələrində 13 tələbə təhsil alır. Bu prosesə 3600-dan çox şirkət cəlb olunub. Almaniyanın “Kreditanstalt für Wiederaufbau” bankı Özbəkistanda peşə təhsilinə ayırdığı 16 milyon avroluq qarantın 14 milyonu 7 əsas təlim mərkəzinin yenidənqurulmasına yönəldilmişdir...
Azərbaycanda gerçək vəziyyət necədir?..
Azərbaycanda da bu istiqamətdə bir sıra addımlar atılmışdır. Beləki, “GİZ”-in dəstəyi ilə Mingəçevir Dövlət Universitetində Karyera Mərkəzi yaradılmışdır. 2017–2020-ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi və “GİZ”-in texniki yardımı ilə həyata keçirilən 2,2 milyon avroluq layihə Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və aqroturizm sahələri üzrə dual-bənzər peşə təhsilini inkişaf etdirməyi, tədrisi əmək bazarının tələblərinə uyğunlaşdırmağı və praktik bacarıqlara malik mütəxəssislər hazırlamağı hədəfləmişdi...
2022-ci ildə Aİ və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) dəstəyi ilə həyata keçirilən “VET for the Future” Layihəsində Azərbaycanda dual təhsil modelinin tədbiqinin genişlənməsi planlaşdırılmışdı. Layihə çərçivəsində Bakı, Şəki, Lənkəran, Cəlilabad və Gəncədə yerləşən peşə təhsili müəssisələrində işəgötürənlərlə təhsil müəssisələri arasında əlaqələr yaradılmasına baxmayaraq, bu əlaqələrin səviyyəsinin yaxşı olduğunu demək çox da mümkün deyil...
2016-2017-ci illərdə “BP”-nin dəstəyi ilə də regionlarda kənd təsərrüfatı ixtisaslarının modernləşdirilməsinə dair aqrar pilot layihə həyata keçirilmişdir. Layihənin əsas məqsədi kadr çatışmazlığının azaldılması və təhsil prosesinə yeni yanaşmaların tətbiqinin genişləndirilməsi idi.
Yuxarıda adlarını sadaladığımız layihələrin həyata keçirilməsinə baxmayaraq, bunları heç biri Gürcüstan, Qazaxıstan və Özbəkistandakı kimi geniş səviyyədə geniş və sistemli şəkildə olmayıb. Avropa Təlim Fondunun hesabatlarında da Azərbaycanda peşə təhsilinin səviyyəsinin dövrün iqtisadi tələblərinin ödənilməsi üçün yetərli olmadığı qeyd olunur...
Bəs layihənin tətbiqi niyə hələ tam baş tutmayıb?..
Azərbaycanda iqtisadiyyatın neft və qaz üzərində qurulması, beləliklə digər sahələrdə orta səviyyəli texniki işçiyə tələbin az olması bu modelin həyata keçirilməsindəki əsas maneələrdəndir. Gürcüstanda şərab, turizm və tikinti, Özbəkistana toxuculuq və avtomobil istehsalı kimi kadr tələb edən müəssisələrin olması həmin ölkələrdə peşə təhsilinə olan marağı artırır. Təəssüf k, Azərbaycanda bu model sadəcə müəssisələr öz işçilərini yetişdirmək istədiyi təqdirdə işləyir...
İkinci səbəb isə Azərbaycandakı özəl sektorun bu prosesdə zəif iştirakıdır. Özbəkistanda bu prosesə minlərlə özəl şirkətlər qoşulub, Qazaxıstanda sahibkarlar palatası layihənin həyata keçirilməsində aparıcı rol oynayır, Gürcüstanda “GİZ”-in rəhbərlərindən biri dual təhsil modelinin uğurlu tətbiqi üçün bu prosesı özəl şirkətlərin cəlbinin zəruri olduğunu bildirmişdir. Azərbaycanda isə bu prosesə özəl müəssisələrdən daha çox dövlət strukturları qoşulmuşdur.
Üçüncü problem isə sənəd mərkəzli yanaşmadır. Azərbaycanda təhsil mərkəzdən idarə olunduğundan proqramlarda və modullarda dəyişikliklərin edilməsi olduqca çətindir. Belə olduqda təhsil müəssisələri əmək bazarının tələblərini nəzərə almaqda gecikirlər.
Dördüncü və əsas səbəb peşə təhsili müəssisələrinin cəmiyyət tərəfindən prestijli hesab olunmamasıdır. Bu sahə daha çox ali təhsil müəssisələrinə qəbul olma potensialı olmayan “avara”ların seçdiyi bir müəssisə kimi qəbul olunur. Qeyd etməliyik ki, bu görüş sadəcə bəzi MDB və Afrika ölkələrində mövcuddur. İnkişaf etmiş və rifahın yaxşı olduğu inkişaf etməkdə olan ölkələrdə bu görüşlərə yer yoxdur...
Model baş tutarsa, nə qazanılar?..
Bu model Azərbaycanda geniş müstəvidə tətbiq olunmağa başlasa, gənclər təhsil aldıqları müddət arzində təhsil almaqla, yanaşı müəssisələrdə təcrübə keçərək həm daha erkən öz pullarını qazana, həm də təhsil müddətini başa vurduqda artıq tam hazır kadr kimi bazarda iş axtarmağa başlaya bilərlər. Bu həm tələbələr, həm də işəgötürənlər üçün olduqca cazib bir yoldur. Qazaxıstan təcrübəsindən də göründüyü kimi, bu modelin tətbiqi kənardan ölkəyə investisiyanın cəlb edilməsini asanlaşdırır. Bundan başqa, ölkədə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələnməsi üçün ixtisaslı işçi qüvvəsinə ehtiyac var.
Son olaraq Gürcüstan dar saəhələrdən başlayıb, Qazaxıstan isə işəgötürnlərin fəaliyyətinə öncəlik verib, Özbəkistanın uğuru isə dövlət dəstəyi ilə bağlıdır. Hər üçünün özəl müəssisələri birbaşa olaraq prosesin içindədir. Bu da bizə bu modelinin tədbiqinin birdən çox yolu olduğunu göstərir. Bizə lazım olan ölkənin potensialının düzgün qiymətləndirilməsi, planın hazırlanması və özəl müəssisələrin də prosesə cəlb edilməsi ilə dual təlimin tətbiq olunduğu müəssisələrdə keyfiyyətin təmin edilməsidir. Unutmaq olmaz ki, layihələrin uğuru imzalanan sənəd sayı ilə yox, məzunların işə düzəlmə statistikası ilə ölçülməlidir...