Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Onun yerinə isə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə təyin olunub.
Bu təyinatdan sonra belə bir sual yaranır: DİM və Elm və Təhsil Nazirliyinin birləşdirilməsi gündəmə gələ bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirdi ki, hazırda ictimaiyyət tərəfindən verilən əsas sual həmin quruma kimin rəhbərlik edəcəyi və yeni rəhbərin Dövlət İmtahan Mərkəzində qəbul qaydaları ilə bağlı hansı dəyişiklikləri həyata keçirəcəyidir:
"Əslində, gözləntimiz də budur və düşünürük ki, belə bir dəyişiklik mütləq olmalıdır. Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi məsələsinə gəlincə, bu barədə hələlik yaxın perspektivdə hər hansı status dəyişikliyinin olacağını gözləmirik. Dövlət İmtahan Mərkəzi özünə aid olan dövlət qurumudur. Baxmayaraq ki, publik hüquqi şəxsdir, amma dövlət qurumudur. Bu qurumun Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi məsələsi gündəmə gələrsə, bunun üçün ayrıca sərəncam verilməli, müvafiq normativ hüquqi aktlarda dəyişikliklər edilməlidir. Yalnız bundan sonra Elm və Təhsil Nazirliyinin tabeliyinə verilə bilər. Amma dediyim kimi, bunun üçün müəyyən vaxt tələb olunduğundan düşünmürəm ki, yaxın perspektivdə belə bir qərar qəbul edilsin".