5 saatlıq estetik əməliyyatdan sonra tanınmaz hala düşdü – Dilan Polata bənzətdilər

Türkiyənin məşhur sosial media fenomeni Eylül Öztürkün estetik əməliyyatdan sonrakı görünüşü gündəm olub.

Türkiyə KİV-nə istinadən, bir müddətdir ABŞ-də yaşayan Eylül Öztürk üzündəki dəyişikliklərdən narazı qaldığı üçün estetik əməliyyat etdirmək qərarına gəlib.

Fenomen bir neçə həkimlə məsləhətləşdikdən sonra əməliyyatı Türkiyədə etdirməyə üstünlük verib. Təxminən 5 saat davam edən əməliyyat zamanı onun üzündə dartılma, gözlərin qaldırılması, göz qapaqlarının estetikası və üst dodağın qaldırılması prosedurları həyata keçirilib.

Əməliyyatdan sonra üzünə sarğı qoyulan Öztürk sağalma prosesini sosial şəbəkə izləyiciləri ilə bölüşüb. Əməliyyatın altıncı günündə gözəllik salonuna gedən fenomen saçlarını boyadıb və qaynaq saç taxdırıb. O, yeni saç düzümü ilə birlikdə üzündəki dəyişiklikləri də nümayiş etdirib.

Sosial şəbəkə istifadəçilərinin bir qismi onun yeni görünüşünü bəyənsə də, digərləri fenomeni məşhur Dilan Polata bənzədib. Əməliyyatın yeddinci günündə tikişlərini çıxartdıran Öztürk üzündəki şişkinliklərin hələ tam keçmədiyini bildirib.

“Hazırda qaşlarım xeyli qalxıb, gözlərim həddindən artıq dartılmış görünür. Üzümdə hələ də şişkinliklər var. Ancaq qarşıdakı həftələrdə bunların azalacağını və görünüşümün daha təbii olacağını gözləyirəm”, – fenomen açıqlayıb.

Eylül Öztürk əməliyyatdan 30 gün sonra yenilənmiş görünüşünü bir daha paylaşacağını da bildirib.

Bu arada onun estetik əməliyyatlara 100 min dollar xərclədiyi barədə iddialar yayılıb. Lakin fenomen bu məlumatları təkzib edib.