Süni intellekt milli təhlükəsizlik qərarlarına görə məsuliyyət daşıya bilməz.
Bunu Albaniya Elektrik Korporasiyasının baş texnologiya direktoru, Albaniyanın Milli Kibertəhlükəsizlik Qurumu üzrə Monitorinq və İnsidentlərə Cavab Departamentinin keçmiş direktoru Esmeralda Kazia Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransı çərçivəsində panel müzakirələrdə (ICCD 2026) deyib.
Onun sözlərinə görə, süni intellekt məlumatları istənilən insan komandasından daha sürətlə emal edə bilər: "O, milyonlarla hadisəni əlaqələndirə, nümunələri müəyyənləşdirə və insan gözündən yayına biləcək əlaqələri üzə çıxara bilər. Süni intellekt diqqətəlayiq bir məsləhətçidir: fövqəladə dərəcədə sürətli, daim əlçatan və bəzən heyrətamiz inamla tamamilə yanlış nəticələr təqdim edə bilən bir vasitədir. Lakin diplomatiya da inamlı bəyanatlara yad deyil. Bununla belə, inam sübut, səlis nitq isə həqiqət demək deyil. Milli təhlükəsizlik sahəsində biz üç məsələ arasında ciddi fərq qoyuruq: nəyi bilirik, nəyi qiymətləndiririk və hansı qərarı veririk".
E. Kazia bildirib ki, süni intellekt bizə kömək edə, ilk iki istiqamətdə dəstək göstərə bilər: "Lakin üçüncü istiqamətə görə məsuliyyəti öz üzərinə götürə bilməz. Başqa sözlə, bu cihaz vətəndaşlar, müttəfiqlər və ya digər dövlətlər qarşısında dayanaraq milli qərarın nəticələrinə görə cavabdehlik daşıya bilməz. O, konstitusion səlahiyyətə malik ola, diplomatik məsuliyyət daşıya və əlbəttə ki, səhv qərar verməyin mənəvi yükünü üzərinə götürə bilməz. Bu məsuliyyət bizim üzərimizdə qalır".
Albaniyalı mütəxəssis deyib ki, bunun üçün də kiçik dövlətlər kibertəhlükəsizlik qaydalarının müəyyənləşdirilməsində iştirak etməlidir: "Bu gün güc təkcə ordularda, bazarlarda və institutlarda deyil, həm də sərhədlərdən kənarda yaradılan alqoritmlərdə, verilənlərdə, bulud infrastrukturunda, rəqəmsal platformalarda və texniki standartlarda cəmləşir. Buna görə də strateji muxtariyyət texnoloji təcrid demək deyil. Çünki heç bir ölkə, hətta ən böyük dövlət belə, bütün platformaları qura, hər bir təchizat zəncirinə nəzarət edə və bütün kiber təhdidlərlə təkbaşına mübarizə apara bilməz. Lakin istifadə etdiyimiz sistemləri anlamaq, onların yaratdığı nəticələri sorğulamaq və siyasi məsuliyyətin texnoloji mürəkkəbliyin arxasında gizlədilməsinə imkan verməmək qabiliyyətini qoruyub saxlamaq deməkdir".
O qeyd edib ki, Albaniyanın təcrübəsi göstərir ki, kiçik dövlətlər qaydalar artıq müəyyən edildikdən sonra prosesə dəvət oluna bilməzlər: "Biz yalnız qlobal təhlükəsizliyin istehlakçıları deyilik. Biz kiberinsidentləri idarə edir, mühüm xidmətləri qoruyur və uzaq texnoloji və siyasi mərkəzlərdə qəbul edilən qərarların nəticələrini öz üzərimizdə hiss edirik".