Bakı, 19 noyabr, AZƏRTAC Qahirə Beynəlxalq Film Festivalının 47-ci buraxılışı çərçivəsində Misirin ən böyük xeyriyyə fondlarından sayılan “Misir Əl-Xeyir Fondu” tərəfindən təşkil olunan “Gənc istedadlıları kəşf et” mövzusunda simpozium keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə Misirdəki Azərbaycan diasporunun rəhbəri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov çıxış edib.O, çıxışında gənc istedadların aşkar edilməsinin, onların potensialının üzə çıxarılmasının və cəmiyyətə tanıdılmasının hər bir ölkənin inkişafında böyük əhəmiyyət daşıdığını vurğulayıb.Alim, həmçinin xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində və ölkələrin beynəlxalq əlaqələrinin genişləndirilməsində xarici tələbələrin xüsusi rolundan bəhs edib. S. Nəsirov xarici tələbələrin təhsil aldıqları ölkələrlə öz vətənləri arasında mühüm dostluq və mədəniyyət körpüsü olduqlarını qeyd edərək, uzun illərdir Misirdə əcnəbi gənclərlə apardığı fəaliyyətin əhəmiyyətinə toxunub.Simpoziumda elm, ictimaiyyət, mədəniyyət və incəsənət sahələrindən tanınmış nümayəndələrdən ibarət geniş heyət iştirak edib. Onların arasında Misirin sabiq Baş naziri İsam Şərəf, aktrisa Vəfa əl-Həkim, “Misir El-Xeyir Fondu”nun Sosial həmrəylik və qadınlarla iş sektorunun rəhbəri doktor Hənan əl-Dərbaşi, Fondun Himayəçilər Şurasının üzvü yepiskop Münir Hanna, İncəsənət Akademiyasının prezidenti Nəbilə Həsən, media nümayəndələri, eləcə də müxtəlif ölkələrin vətəndaşları olublar. Qeyd edək ki, S. Nəsirov 2003-cü ildən etibarən yüzdən çox ölkədən Misirdə təhsil almağa gələn minlərlə tələbəyə rəhbərlik edib. Hazırda onun rəhbərlik etdiyi layihələr çərçivəsində dünyanın 65 ölkəsindən 2000-dən çox tələbə təhsilini davam etdirir.