Dünyada “kralların xəstəliyi” kimi tanınan podaqranın yayılma göstəricisi 1990-cı ildən bəri 20 faizdən çox artıb. Gənclərdə də rast gəlinən bu xəstəlik çox vaxt gecə qəfil başlayan oynaq ağrısı ilə özünü göstərir.
“Hürriyet”ə istinadən, oynaq xəstəlikləri üzrə mütəxəssis Edvard Roddi “The Guardian” qəzetinə açıqlamasında podaqra tutmasının necə başladığını izah edib. Onun sözlərinə görə, insan axşam heç bir ağrı hiss etmədən yatağa girə, səhər isə şiddətli ağrıdan ayağını yerə basa bilməyə bilər. Tutma zamanı oynaq şişir və ağrıyır, həmin nahiyədə dəri qızarır. Bəzən ağrı o qədər güclü olur ki, xəstə yataq örtüyünün ayağına toxunmasına belə dözə bilmir. Podaqra qanda sidik turşusunun miqdarının artması ilə bağlıdır. Adətən böyrəklər bu maddəni bədəndən xaric edir. Qanda miqdarı artdıqda isə oynaqlarda iynəyə bənzəyən xırda kristallar yarana bilər. Ağrıya və şişkinliyə də bu kristallar səbəb olur.
Qırmızı ət, bəzi dəniz məhsulları, spirtli və şəkərli içkilər podaqra tutmasına təkan verə bilər. Keçmişdə bu cür yeməklər daha çox varlı insanların süfrəsində olardı. Podaqranı da buna görə “kralların xəstəliyi” adlandırıblar. İngiltərə kralı VIII Henri və məşhur alim İsaak Nyuton da bu xəstəlikdən əziyyət çəkiblər. Tutma adətən bir-iki həftə davam edir. Ağrı keçsə də, sonradan yenidən başlaya bilər. Podaqra müalicə olunmadıqda oynaqlarda qalıcı zədələr yarana bilər.