Bu il Azərbaycanda 1,2 milyon hektar ərazidə aparılan əkinlərə görə 350 min fermerə ümumilikdə 254 milyon manat əkin subsidiyası ödənilib.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) İdarə Heyətinin sədri Yalçın Camalov Bakıda keçirilən "Dövlət-biznes əməkdaşlığı forumu"nda - "İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları" adlı panel müzakirəsində bildirib.
"Bunun 14 milyon manatı 2 000 hektar sahədə salınmış yeni müasir intensiv bağlara görə verilib. Bəzi bitkilər üzrə məhsul subsidiyası tətbiq edirik. Strateji yanaşmamız da əkin subsidiyasından məhsul subsidiyasına keçiddir. Pambıq, şəkər çuğunduru, tütün, qarğıdalı, günəbaxan, soya və digər məhsullar üzrə ilin sonuna qədər ümumilikdə 87 milyon manata qədər məhsul subsidiyasının ödənilməsi planlaşdırılır", - deyə o qeyd edib.
Bundan başqa, AKİA sədri deyib ki, bu il fermerlərə ilk dəfə dincə qoyduqları torpaqlara görə 6,5 milyon manat subsidiya verilib.
"Fermerlərin maliyyə əlçatanlığının artırılması və dəstəklənməsi məqsədilə mütəmadi olaraq yeni subsidiya və dəstək mexanizmləri hazırlanır. Faiz subsidiyası mexanizminin tətbiqinə başlamışıq. Bu mexanizmə əsasən, fermerlərin birillik əkinlər üçün özəl banklardan götürdükləri kreditlərin faiz dərəcəsinin 19 %-ə qədər olan hissəsi subsidiyalaşdırılır. Fermerlər bu kreditlər hesabına əkin işlərini həyata keçirə, aqrotexniki qulluq göstərə, biçin və məhsul yığımını təmin edə bilərlər. İlin sonunda məhsulu satdıqdan sonra əldə etdikləri vəsait hesabına kreditin əsas borcunu banka qaytara bilərlər. Kreditin istifadə olunduğu müddət ərzində isə bütün faiz xərclərini dövlət qarşılayır. Cari ildən tətbiqinə başladığımız digər yeni mexanizm isə subsidiyaların avans şəklində ödənilməsidir. Bu mexanizm Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindəki məlumatlar əsasında fermerlər üçün hesablanan skorinq modelinin nəticələrinə, yəni onların topladıqları reytinq ballarına əsaslanacaq. Belə ki, 30 baldan yuxarı nəticə əldə edən fermerlərə subsidiyaların daha erkən, avans şəklində ödənilməsi mümkün olacaq", - deyə Y.Camalov əlavə edib.
Bundan başqa, sədrin sözlərinə görə, bu il 5 803 baş damazlıq heyvanın alınmasına görə 24 milyon manat güzəşt ayrılıb: "Bu rəqəmin ilin sonuna qədər 30 milyon manata çatacağını gözləyirik".