Dünən Qazaxda baş verən yol qəzasında ölənlərin adları məlum olub.
1979-cu il təvəllüdlü Müsədirov İttifaq İkram oğlu etibarnaməsi olmadan idarə etdiyi “Opel Astra H” markalı avtomobil ilə qarşıdan gələn 1989-cu il təvəllüdlü Dəryahquluyev Sənan Hüseyn oğlunun idarə etdiyi “Tofaş” markalı avtomobillə toqquşması nəticəsində sürücü İttifaq Müsədirov, eyni zamanda “Tofaş” markalı avtomobilin sürücüsü Sənan Dəryahquluyev və həmin avtomobildə olan sərnişinlər - 2018-ci il təvəllüdlü Dəryaquliyeva Güllər Sənan qızı, 2018-ci il təvəllüdlü Mehtili Məhəmməd Elvin oğlu hadisə yerində ölüblər.
1996-cı il təvəllüdlü Dəryahquluyeva Türkan Zahir qızı isə ağır bədən xəsarətləri alaraq Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Qazax rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb.
***
saat 21:06
Bu gün saat 19:30 radələrində Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil yolunda İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi 99-RU-835 dövlət qeydiyyat nişanlı “Opel” və Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi 10-NB-330 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobillər toqquşub.
Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində hər iki sürücü və “Tofaş”ın iki azyaşlı sərnişini həlak olub. “Tofaş”da olan bir qadın sərnişin isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri ötmə və manevr qaydalarına, eləcə də müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə çağırır. Hər bir sürücü nəzərə almalıdır ki, təhlükəli ötmə, düşünülməmiş manevr və sürət həddinin aşılması ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri sırasındadır.
***
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Yuxarı Salahlı yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə digər avtomobil toqquşub.
Qəza zamanı 3 nəfər hadisə yerində ölüb, xyaralananlar da var.
Yaralılar xəstəxanaya yerləşdirilib.(APA)