Əmək bazarında iş yerlərinin həm kəmiyyət, həm də keyfiyyət baxımından artırılması, işəgötürənlərin gəlirlərinin və əməkhaqqı fondunun böyüdülməsi əsas hədəflərdəndir. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov işəgötürənlərlə əməkdaşlığa həsr olunan tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Dövlət Məşğulluq Agentliyi işəgötürənlərlə əməkdaşlığı yalnız vakansiyaların ƏMAS-da yerləşdirilməsi və göndərişlərə geri dönüş edilməsi kimi inzibati məsələlərlə məhdudlaşdırmaq istəmir:
“Biz işəgötürənlərlə əməkdaşlığı inzibatçılıqdan daha çox strateji tərəfdaşlıq müstəvisində qurmaq istəyirik”.
Abbasov qeyd edib ki, Agentliyin aktiv məşğulluq tədbirlərinin bütün istiqamətlərində işəgötürənlərin maraqları nəzərə alınır. Bu çərçivədə əməkhaqqının birgə maliyyələşdirilməsi, kvotadan əlavə iş yerlərinin maliyyələşdirilməsi, məqsədli proqramlar, əmək yarmarkaları və peşə hazırlığı üzrə müxtəlif mexanizmlər tətbiq olunur.
Onun sözlərinə görə, Agentliyin məqsədi işəgötürənlərə dəstək verməklə yanaşı, məşğulluq proqramlarının benefisiarlarının gələcəkdə biznes subyektlərinə və işəgötürənlərə çevrilməsinə şərait yaratmaqdır.
Agentlik rəhbəri tədbirdə iştirak edən işəgötürənlərlə bağlı statistik göstəriciləri də açıqlayıb.
“Bu gün tədbirdə iştirak edən işəgötürənlərin ƏMAS-da 120 mindən çox əmək müqaviləsi bildirişi var. Onların arasında 94 işəgötürənin hazırda 9 105 aktiv vakansiyası mövcuddur. 200-dən çox işəgötürən isə cari il ərzində bizim göndərişlərimiz əsasında 75 min vətəndaşın məşğulluğunu təmin edib”, – deyə o bildirib.
Abbasov əlavə edib ki, tədbirə dəvət olunan biznes assosiasiyalarının portfelində ümumilikdə 3 mindən çox işəgötürən təmsil olunur.
O, sahibkarları formal əmək münasibətlərinin keyfiyyətinin yüksəldilməsinə, biznesin genişləndirilməsinə və işçilərin rifahının yaxşılaşdırılmasına töhfə verməyə çağırıb.