Süni intellekt innovasiya, inkişaf və daha güclü kibermüdafiə üçün fövqəladə imkanlar yaradır. Bizim vəzifəmiz riskləri aradan qaldırmaqla yanaşı, bu üstünlükləri reallaşdırmaqdır.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov “Süni intellekt dövründə güc və təsir – dəyişən kibermühitə regional baxış” mövzusunda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) çıxışı zamanı deyib.
O bildirib ki, xüsusilə ciddi çağırışlardan biri inandırıcı uydurma məzmunun hazırda "deepfake" adlandırdığımız halın yaradılmasıdır:
"Səs klonlaşdırıla bilər, video manipulyasiya edilə bilər və dövlət rəsmisinə yalan bəyanat aid edilə bilər. 2025-ci ilin iyununda süni intellektlə yaradılmış səsli mesajlardan istifadə edən şəxsiyyəti mənimsəmə kampaniyasının hədəfə aldığı şəxslər arasında üç xarici işlər naziri var idi. Bu, kimin danışdığını yoxlamağın nə üçün diplomatik kommunikasiyanın vacib hissəsinə çevrildiyini göstərir.
Uydurma məzmun həm də siyasi gərginliyi alovlandıra, danışıqlara xələl gətirə və beynəlxalq əməkdaşlığa ictimai dəstəyi zəiflədə bilər. Uydurma ifşa olunduqdan sonra belə, onun yaratdığı inamsızlıq uzun müddət özünü hiss etdirə bilər.
Eyni zamanda, süni intellekt zərərverici aktorlara kiber əməliyyatları daha böyük sürət və miqyasda aparmağa kömək edir. "CrowdStrike"ın 2026-cı il üzrə Qlobal Təhdid Hesabatı göstərib ki, 2025-ci il ərzində müşahidə etdiyi kibercinayətkarlıq müdaxilələrində hücumçular ilk sındırılmış sistemdən kənara çıxmaq üçün orta hesabla 29 dəqiqə sərf ediblər. Qeydə alınmış ən sürətli hal isə cəmi 27 saniyə çəkib.
Bu rəqəmlər müdafiəçilərin hərəkətə keçmək üçün nə qədər az vaxta malik ola biləcəyini göstərir".