Tramp ABŞ iqtisadiyyatının misilsiz artım tempini bəyan edib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkə iqtisadiyyatı digər iri inkişaf etmiş ölkələri qabaqlayaraq misilsiz artım templəri nümayiş etdirir.

Bu barədə ABŞ lideri Çində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitində çıxış edərkən bildirib.

D.Trampın sözlərinə görə, son üç ay ərzində ABŞ-də inflyasiya 2 %-dən aşağı düşüb, yeni avadanlıqlara qoyulan investisiyalar isə ilin əvvəlindən bəri 21 % artıb.

"Ötən ay ABŞ iqtisadiyyatının indiyədək görünməmiş sürətlə, digər inkişaf etmiş böyük ölkələrin iqtisadiyyatlarından əhəmiyyətli dərəcədə daha sürətlə böyüdüyü elan edilib", - prezident bildirib.

O, həmçinin ABŞ-nin ixracının tarixi maksimuma çatdığını və Vaşinqtonun iki ildən az müddətdə xarici şirkətlərlə 22,2 trilyon dollar məbləğində investisiya öhdəlikləri barədə razılığa gəldiyini bildirib.

"Şadam ki, bu investisiyaların əhəmiyyətli hissəsi bu zalda iştirak edən dostlarımdan gəlir", - D.Tramp qeyd edib.

Onun sözlərinə görə, noyabr 1-nə ABŞ-nin milli sərvəti 25 trilyon dollar artıb və bu rekord göstəricidir.

D.Tramp, bu nəticələri öz administrasiyasının iqtisadi siyasəti, o cümlədən vergilərin azaldılması, dövlət tənzimlənməsinin ixtisarı və 20-dən çox ticarət sazişinin əldə olunması ilə əlaqələndirib.

O əlavə edib ki, ABŞ bir sıra böyük dövlətlərlə yeni ticarət sazişləri üzrə danışıqları davam etdirir.