Sərnişin təyyarəsi quşla toqquşdu: Təcili eniş etdi

“EasyJet” sərnişin təyyarəsi quşla toqquşduqdan sonra Avropada təcili eniş edib.

“BBC News”-a istinadla, təyyarə noyabrın 18-də yerli vaxtla təxminən saat 09:24-də İngiltərənin Bristol hava limanından Şotlandiyanın Edinburq şəhərinə yola düşüb, lakin saat 10:00-dan qısa müddət sonra hava limanına qayıdıb.

Aviaşirkətin sözçüsü hadisə nəticəsində heç kimin xəsarət almadığını və təyyarənin Bristolda təhlükəsiz şəkildə eniş etdiyini bildirib. Əlavə edilib ki, standart prosedurlara uyğun olaraq təcili yardım xidmətləri təyyarəni ehtiyat tədbiri olaraq qarşılayıb. Sərnişinlərin Edinburqa uçuşlarını davam etdirməsi üçün ehtiyat təyyarə hazırlanıb.