Balın xarab olmaması üçün onu necə saxlamaq lazımdır?

Bal uzun müddət saxlanıla bilən təbii məhsullardan biridir. Lakin düzgün şəraitdə saxlanılmadıqda onun keyfiyyəti pozula, hətta fermentasiya prosesi başlaya bilər. Buna görə balın harada və hansı qabda saxlanılması xüsusi əhəmiyyət daşıyır.

Foodinfo.az saytına istinadla, balın saxlanılması üçün ən uyğun temperatur 8–20 dərəcə hesab olunur. Məhsulu birbaşa günəş şüaları düşən yerdə və yüksək temperaturda saxlamaq tövsiyə edilmir. İstilik balın keyfiyyətinə mənfi təsir göstərə bilər.

Balın saxlanılması üçün ən yaxşı seçim qapağı kip bağlanan şüşə bankadır. Plastik qablardan da istifadə etmək mümkündür, lakin metal qablarda saxlamaq məsləhət görülmür. Çünki bal metal ilə təmasda olduqda keyfiyyətində arzuolunmaz dəyişikliklər yarana bilər.

Məhsulu soyuducuda saxlamaq da mümkündür. Ancaq bu zaman qabın ağzı mütləq möhkəm bağlanmalıdır. Bal ətrafdakı qoxuları özünə çəkə bildiyindən onu digər ərzaqlardan qorumaq vacibdir.

Balın xarab olduğunu müəyyən etmək üçün onun görünüşünə və qoxusuna diqqət yetirmək lazımdır. Məhsulun səthində köpük və rəngsiz topaların əmələ gəlməsi keyfiyyət dəyişikliyinin əlaməti ola bilər. Bununla yanaşı, xoşagəlməz qoxunun yaranması balın fermentasiyaya uğradığını göstərə bilər. Bu prosesə məhsula suyun düşməsi və temperatur rejiminin pozulması səbəb ola bilər.

Beləliklə, balın uzun müddət keyfiyyətini qoruması üçün onu quru, sərin və qaranlıq yerdə, kip bağlanan şüşə qabda saxlamaq lazımdır.