Çin “Shijian-24” eksperimental peykini orbitə çıxarıb

Çin “Shijian-24” eksperimental peykini uğurla orbitə çıxarıb.

“Changzheng-2D” (CZ-2D) daşıyıcı raketinin buraxılışı Bakı vaxtı ilə saat 02:51-də Şansi əyalətində yerləşən “Tayyuan” kosmodromundan həyata keçirilib.

Peyk nəzərdə tutulan orbitə uğurla çıxarılıb. Bu buraxılış “Changzheng” seriyasına aid daşıyıcı raketlərin ümumilikdə 678-ci buraxılışı olub.

“Changzheng-2D” uzunluğu 40,7 metr, başlıq örtüyünün diametri 3,35 metr və start dartı qüvvəsi 2 960 kilonyuton olan ikipilləli maye yanacaqlı raketdir.

Raket aşağı Yer orbitinə 3,5 tona qədər, 700 kilometr yüksəklikdəki Günəşlə sinxron orbitə isə 1,3 tona qədər faydalı yük çıxarmaq imkanına malikdir.

Qeyd edək ki, bu, “Changzheng-2D” raketinin 108-ci buraxılışı, 2026-cı ildə isə yeddinci buraxılışıdır.