Dünya əmtəə bazarlarında noyabrın 18-də satış təzyiqi güclənib. ABŞ dollarının möhkəmlənməsi və Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıracağına dair gözləntilər qiymətli və sənaye metallarını ucuzlaşdırıb. Neft bazarında isə ABŞ ehtiyatlarının artması qiymətlərə təzyiq göstərir.
Brent markalı neftin fyuçersləri 0,17% azalaraq bir barel üçün 92,98 dollara, ABŞ-nin WTI markalı nefti isə 0,65% ucuzlaşaraq 85,45 dollara düşüb.
Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, noyabrın 13-də başa çatan həftədə ABŞ-nin xam neft ehtiyatları 5,28 milyon barel, benzin ehtiyatları isə 5,12 milyon barel artıb. Bununla belə, ABŞ və İran arasında hərbi qarşıdurmanın davam etməsi, Hörmüz boğazında gəmilərə hücumlar və daşımaların məhdudlaşması neftin daha kəskin ucuzlaşmasına mane olur.
Qızıl bazarında azalma daha nəzərəçarpandır. Qiymətli metalın bir unsiyasının spot qiyməti 1,6% enərək 3 787,65 dollara düşüb. Bununla da qızıl 2025-ci ilin sentyabrından bəri ən aşağı səviyyəsinə çatıb.
Bloomberg agentliyi bildirir ki, qızılın ucuzlaşmasının əsas səbəblərindən biri FED rəsmilərinin inflyasiya ilə mübarizədə əlavə faiz artımlarına ehtiyac olduğunu vurğulamasıdır. Bazar iştirakçıları dekabrda faizlərin 25 baza bəndi artırılması ehtimalını 95,7% qiymətləndirirlər.
Digər qiymətli metallar da ucuzlaşıb. Gümüş 3,1% azalaraq unsiyası 45,94 dollara, platin 1,5% enərək 1 408,30 dollara, palladium isə 2% ucuzlaşaraq 951,42 dollara düşüb.
Sənaye metalları bazarında da zəiflik müşahidə olunur. London Metal Birjasında mis noyabrın 17-də dörd aydan çox müddətin minimumu olan 13 144 dollaradək geriləyib. Sonrakı gecə sessiyasında isə 0,15% bahalaşaraq ton üçün 13 227,5 dollarda bağlanıb.
Eyni gecə sessiyasında alüminium 2,08%, qalay 2,41% ucuzlaşdığı halda, nikel 3,76% bahalaşıb. Mis bazarındakı təzyiq texnologiya səhmlərinin ucuzlaşması və süni intellekt infrastrukturuna investisiyaların gələcəyinə dair narahatlıqlarla əlaqələndirilir.
ABŞ-də təbii qazın dekabr fyuçersləri də noyabrın 17-də mülayim hava proqnozları fonunda ucuzlaşaraq bir milyon Britaniya istilik vahidi üçün 3,08 dollar səviyyəsində ticarət edilib.
Bazarların növbəti diqqət mərkəzində noyabrın 18-də açıqlanacaq FED-in oktyabr iclasının protokolları və ABŞ-nin rəsmi neft ehtiyatları statistikası dayanır.