Beyin şişlərinin inkişaf əlamətləri şişin yerləşdiyi nahiyədən və böyümə sürətindən asılıdır. Yeni yaranan və ya qeyri-adi xarakter daşıyan baş ağrıları, xüsusilə də davamlı hal aldıqda, narahatlıq doğurmalıdır.
Bu barədə “Gazeta.Ru”ya tibb elmləri doktoru, dosent, N.P. Napalkov adına Sankt-Peterburq Klinik Elmi-Təcrübi İxtisaslaşdırılmış Tibbi Yardım Mərkəzinin (onkoloji) neyroonkoloq-həkimi, onkologiya kafedrasının professoru Marina Matsko bildirib.
“Bəzi törəmələr uzun müddət nəzərəçarpan əlamətlərə səbəb olmaya və təsadüfən aşkarlana bilər. Yeni yaranan və ya qeyri-adi xarakterli baş ağrıları, xüsusilə də davamlı hal aldıqda, adi baş ağrılarından fərqləndikdə, standart ağrıkəsicilərlə keçmədikdə, ürəkbulanma və ya qusma ilə müşayiət olunduqda diqqət tələb edir”, – deyə həkim qeyd edib.
Onun sözlərinə görə, qısamüddətli baş ağrıları, diqqətin azalması, tarazlığın və yerişin pozulması, hissiyyat və ya hərəkət qabiliyyətində dəyişikliklər də müşahidə oluna bilər.
“Məsələn, ənsə nahiyəsində yerləşən şişlər görmə sahəsinin itirilməsi və ya fotopsiyalarla, beyincikdəki şişlər koordinasiyanın pozulması və ürəkbulanma ilə, alın və təpə paylarının müəyyən sahələrində yerləşən şişlər isə hərəkət və ya hissiyyat pozuntuları ilə müşayiət oluna bilər. İlk dəfə baş verən epileptik tutma təcili tibbi müayinədən keçmək üçün əsasdır”, – deyə Matsko izah edib.
Erkən mərhələlərdə şiş başqa xəstəliklərin əlamətləri altında gizlənə bilər. Buna görə də dəqiq diaqnozun qoyulması üçün çox vaxt kompleks müayinə və daha dar ixtisaslı mütəxəssislərin konsultasiyası tələb olunur. Bəzi regionlarda isə bu, bəzən çətinlik yarada bilər.