Nvidia Çinə H200 süni intellekt çiplərinin tədarükünü dayandırıb

ABŞ-nin texnologiya şirkəti Nvidia Çinə süni intellekt (Sİ) sistemləri üçün nəzərdə tutulan H200 çiplərinin göndərilməsini dayandırıb.

Bu barədə şirkətin baş icraçı direktorunun vəzifəsini icra edən Kolet Kress CNBC telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Nvidia-nın Çinə ümumi məhsul tədarükünün təxminən 10 faizini oyun sənayesi, avtomobil sektoru və iş stansiyaları üçün nəzərdə tutulan məhsullar təşkil edir.

Kress bildirib ki, H200 çipləri ixracına yalnız xüsusi lisenziya əsasında icazə verilən məhsullar sırasına daxil olub və ötən rübdə Çinə göndərilib. Bununla belə, hazırda şirkət həmin çiplərin tədarükünü, o cümlədən Çin istiqamətində həyata keçirmir.

Qeyd edək ki, ötən həftə ABŞ-nin maliyyə naziri Skott Bessent ölkənin ticarət naziri Hovard Latniki Çinə yüksək texnologiyalı məhsulların ixracına nəzarət tədbirlərini lazımi səviyyədə sərtləşdirməməkdə faktiki olaraq ittiham edib.

ABŞ Prezidenti Donald Tramp isə daha sonra Latnikin rəhbərlik etdiyi qurumun Çinə ixrac nəzarətini lazımi qaydada həyata keçirməməsi nəticəsində milli təhlükəsizliyin təhlükə altına düşməsi ilə bağlı iddiaları təkzib edib. O, həmçinin Nvidia-nın Çinə ən müasir mikrosxemlərini tədarük etmədiyini vurğulayıb.